Vəkil: “Ayağının yuxarı bud hissəsində və biləyində qançırlar var idi”
Jurnalist Nurlan Qəhrəmanlı (Libre) 30 gün müddətinə azadlıqdan məhrum edilib.
Abzas Media-ya bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Elçin Sadıqov bildirib ki, proses Yasamal Rayon Məhkəməsində Hüseyn Səfərovun sədrliyilə keçirilib.
Nurlan Qəhrəmanlı 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsilə ittiham olunaraq, 30 gün müddətinə azadlıqdan məhrum edilib.
“O, məhkəmədəki çıxışında ittihamla razılaşmadı, bildirdi ki, müharibəni dəstəkləmir və bunu ifadə edən statuslar yazdığı üçün həbs olunub”.
E.Sadıqov deyir ki, jurnalist məhkəmədəki çıxışında saxlanılarkən zorakılığa məruz qaldığını da bildirib: “Dedi ki, telefonun kilidini açmaq üçün ona işgəncə veriblər. Ayağının yuxarı bud hissəsində və biləyində qançırlar var idi”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev səhər jurnalistin yaxınlarına onun sərbəst buraxıldığını bildirib. Ancaq vəkil Elçin Sadıqov deyir ki, polislər Nurlan Qəhrəmanlını prokurorluğa təhvil veriblər və qərar prokurorluğun təqdimatı əsasında çıxarılıb.
Sentyabrın 19-da Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Azərbaycanda sülh çağırışı edən ictimai fəalların həbsi başlayıb. Son 3 gündə Əmrah Təhməzov, Nemət Abbasov və Emin İbrahimov 30 sutka həbs cəzası alıblar.
Bundan əlavə, Rail Abbasov dələduzluq, Afiəddin Məmmədov isə xuliqanlıq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib.