“Mənə bir neçə futbolçu təqdim etdilər. Onları əvvəlcə aşağı pillələrdə olan komandalara dəvət etmişdilər, zəif olduqları üçün götürməmişdilər. Təbii ki, mən də onları bəyənmədim. Məni işdən çıxardandan sonra həmin futbolçularla müqavilə bağladılar. 6 aydan sonra isə hamısını göndərdilər”.
Tərlan Əhmədovun sözlərindən sitat gətirdim. Hadisə də vaqe olub neft gölməçəsində üzən “Neftçi”də. Əslində “hadisə” yox, cinayət.
Tərlan Əhmədov Azərbaycan futbolunda, “Neftçi”də törədilən çox dəhşətli cinayətlər haqda məlumat verdi “CBC sport” telekanalındakı açıqlamasında.
“Neftçi”yə xalqın vəsaiti ayrılır. Guya neft xalqındır axı. Bir dəstə “istedadlı dələduz” da o vəsaiti belə vecsiz futbolçuları transfer etməklə mənimsəyiblər. İndi araşdırmaq lazımdır, o futbolçular kimlər olub, onlarla müqavilə necə bağlanıb, nə qədər vəsait ödənilib. Böyük ehtimalla, o vəsaitin müəyyən məbləği “Neftçi”dəki “istedadlı dələduzlar”a qaytarılıb.
Beləcə, xalqın vəsaiti talanıb, “Neftçi” də it günündə.
Lənət şeytana, belə açıqlamadan sonra mütləq kimsə cəzalanmalıdır axı. Ya qara maskalılar “Neftçi”nin bazasına daxil olub kimlərinsə başına qara torba keçirməlidir, ya da Tərlan Əhmədov həbs olunmalıdır.
Birinci variantın gerçəkləşəcəyinə inanmıram. Azərbaycanda “istedadlı dələduzlar”ı cəzalandırmırlar, mükafatlandırırlar. Amma Tərlan Əhmədovu həbs etmək olar. Ən asan yolu budur. Dilini dinc saxlamayanlara görüntü olması üçün.
Və bütün bunlardan sonra kimsə hələ də ümid edir ki, Azərbaycanda futbol inkişaf edəcək? Ölmüşdü Xankişi, yox ey, “Neftçi”.