Lənkəran əvəzinə İrana uçan sovet pilotu
1976-cı il sentyabrın 6-da sovet ordusunun pilotu, Uzaq Şərqdə Primorsk vilayətində xidmət edən Viktor Belenko MiQ-25 qırıcı təyyarəsi ilə Yaponiyaya qaçdı və siyasi sığınacaq istədi. Bu təyyarə yeni və məxfi avionika və dost-düşmən təsbiti sistemi ilə təmin olunmuşdu. Belə bir təyyarənin qərb ölkələrinin əlinə keçməsi sovet hərbisi üçün böyük zərbə idi.
Sovet rəhbərliyi Belenko hadisəsindən özünə gəlməyə macal tapmadan daha bir qaçış baş verdi. Sentyabrın 23-də Valentin Zasimov adlı bir mülki pilot An-2 təyyarəsi ilə İrana qaçdı. Bu qaçışın xüsusi bir ziyanı yox idi. Zasimov hərbçi deyildi, An-2 təyyarəsi də kimsədə maraq doğurmurdu. Amma 17 gün ərzində iki qaçış həddən artıq çox idi.
Belenko artıq ABŞ-da idi, daimi yaşayış icazəsi almışdı, onu oradan almaq mümkün deyildi. Zasimov isə İranda idi, Moskvanın Tehrana təzyiq göstərmək üçün xeyli vasitələri vardı. SSRİ ibrəti-aləm üçün, ürəyindən qaçmaq keçən başqa pilotlara göz dağı vermək üçün Zasimovu nəyin bahasına olursa-olsun, almağa qərar verdi.
***
Valentin Zasimov 1939-cu ildə Bakıda anadan olub. Onun atası da, anası da bakılı olublar. Orta məktəbi bitirdikdən sonra Bataysk hərbi aviasiya məktəbinə daxil olub. Əvvəllər iddia olunurdu ki, Valentin hərbi məktəbi bitirdikdən sonra bir müddət orduda xidmət edib, sonra intizam pozuntusuna görə tərxis olunub, bu zaman da hərbi rütbəsi baş leytenantdan leytenanta endirilib.
Amma onun oğlu bu yaxınlarda verdiyi müsahibədə bildirir ki, atasının hərbi məktəbi bitirməsi Xruşşovun ordunu əhəmiyyətli dərəcədə ixtisara salması (SSRİ Ali sovetinin 1960-cı il yanvarın 15-də qəbul etdiyi qanun) ilə üst-üstə düşdüyündən heç vaxt orduda xidmət etməyib, leytenant rütbəsi ilə dərhal ehtiyata göndərilib.
Hərbi pilot olmaq arzusunun həyata keçməməsi yəqin ki, Zasimovun sovet hökumətindən narazılığının əsasını qoyur. O, Bakıya qayıdır və buradan Yevlaxa göndərilir, An-2 təyyarəsində sərnişin və yük daşımaqla məşğul olur. Bir müddət Lvovda işləyir, yenidən Azərbaycana qayıdır. Bu illər ərzində Tatyana adlı qadınla evlənir, biri Bakıda, digəri Lvovda, iki oğlu anadan olur.
Onun son reysi Zabrat – Hacıqabul – Puşkin (Biləsuvar) – Prişib (Göytəpə) – Lənkəran marşrutu üzrə idi. Sərnişin və poçt daşıyırdı. Puşkində havaya qalxandan sonra təyyarədə artıq sərnişin yox idi. Pilot bundan istifadə edərək çoxdan planlaşdırdığı addımı atmaq – İrana uçaraq siyasi sığınacaq istəmək qərarına gəldi. Həmin gün Lənkəranda poçt alınmadı.
Zasimov İran sərhədini keçəndən sonra bir xeyli ölkənin içərilərinə doğru irəliləyir və Əhər şəhəri (Təbrizdən 90 km şimal-şərqdə) yaxınlığında yerə enir. Bundan sonra o, İrandan siyasi sığınacaq xahiş edir. İki gün sonra dünyanın xəbər agentlikləri daha bir sovet pilotunun ölkədən qaçdığını elan etdi.
Valentin Zasimov