• 22 Sentyabr 2024 06:30

Dünya bazarında ərzaq qiymətləri ucuzlaşsa da, Azərbaycanda bahalıq davam edir

Ekspert: “Əsas səbəb inhisar və ərzaq istehsalının az olmasıdır”

Dünya bazarında əsas ərzaq qiymətlərində ucuzlaşma olsa da, Azərbaycanda bu məhsullar bahalaşır. Hökumət üzvləri ənənəvi olaraq ölkədəki qiymət artımını xarici təsirlərlə əlaqələndirsələr də, hazırkı ucuzlaşmanın niyə Azərbaycan bazarlarında hiss olunmaması əlavə suallar yaradır.

İqtisadçı ekspert Vahid Məhərrəmli deyir ki, Azərbaycanda qiymətlərin baha olmasının əsas səbəblərindən biri ərzaq məhsullarının kifayət qədər istehsal olunmamasıdır.

Onun sözlərinə görə, ikinci əsas səbəb isə inhisardır.

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı hər ay dünya bazarındakı qiymətlərinin monitorinqini təqdim edir. Orada əsas məhsullar taxıl, düyü, bitki yağları, ət, süd, şəkər və s. qiymətləri təqdim edilir.

Mən 2 ilə yaxındır həm dünya bazarındakı artımları cədvəl üzrə qeydə alıram, həm də bizim Dövlət Statistika Komitəsinin məlumatlarını. Uzun müddətdir dünya bazarında ət, süd, bitki yağları, buğda kimi əsas ərzaq məhsulları ucuzlaşır. Son ayda 4.5 faiz ətdə, 8 faizə qədər bitki yağında ucuzlaşma var.

Azərbaycanda isə artım müşahidə olunur. Üstəlik qiymət artımları çox aşağı fazilə göstərilir, 0,4-0,6 faiz və s. Bu manipulyasiyanı ona görə edirlər ki, Azərbaycanda çox ciddi bahalaşma olduğu haqda fikir formalaşmasın. Ən əsası isə Azərbaycan hökuməti inflyasiyaya uyğun əməkhaqqı artımı etməlidir, ona görə də bahalaşmanı aşağı faizlə göstərir”, – deyə iqtisadçı bildirib.

 

Vahid Məhərrəmlinin sözlərinə görə, məhsul az istehsal olunsa da, əgər inhisarçılıq olmasa, istənilən sahibkar xaricdən məhsul ixrac edər və daxili bazarda qiymət əlçatan olar.

İqtisadçı Pərviz Heydərov deyir ki, ilin əvvəlində dünya bazarında qiymətlərdə eniş yaşandı, ancaq bu, Azərbaycan bazarına bir neçə ay sonra təsir etdi. Onun sözlərinə görə, dünya bazarında bahalaşmanın səngiməsi enerji daşıyıcılarının ucuzlaşması ilə bağlı idi.

“Ərzaq və sənaye məhsullarının qiyməti dünyada enerji daşıyıcılarının qiyməti ilə əlaqədardır. Əgər neftin qiyməti 100 dollar ətrafındadırsa, biz istehlak bazarında qiymətlərin aşağı olmasından danışa bilmərik. İndi də enerji daşıyıcılarının qiymətlərində artım müşahidə olunur. Əgər belə davam edərsə, ilin sonuna inflyasiya tempinin artımını görə bilərik”.

Vahid Məhərrəmlinin ölkədəki inhisar haqda şərhi ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ilə müraciət etsək də, suallarımız cavablandırılmadı.

Ölkə başçısı 2023-cü ilin ilk 6 ayının yekunlarına dair müşavirədə çıxışı zamanı inflyasiya həddinin arzuolunan səviyyədə olmadığını bildirib:

“Əlbəttə ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”.

17 iyulda Baş nazir Əli Əsədovun sərəncamı ilə Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin aparılması üçün İşçi qrup yaradılıb. İşçi qrupuna tapşırılıb ki, ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatın Nazirlər Kabinetinə təqdim etsin.  (Abzas)

Tacxeber.com

Oxşar xəbərlər