Həbsdə olan jurnalist Nurlan Qəhrəmanlı (Libre) deyir ki, istər saxlanılıb evindən aparılanda, istərsə sonradan zorakılığa məruz qalıb.
Tacxeber.com “Azadlıq Radiosu”na istinadla xəbər verir ki, bu barədə o, sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində danışıb.
Həmin məhkəmədə onun haqqındakı 30 sutkalıq inzibati həbs qərarından verilmiş şikayətə baxılıb.
N.Qəhrəmanlı sentyabrın 21-də İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə cəzalandırılıb. Eyni gündə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsində Facebook hesabındakı paylaşımlarına görə onun haqqında protokol hazırlanıb. Ardınca da o, Yasamal rayon Məhkəməsində hakim önünə çıxarılıb.
“Sadəcə, müharibə əleyhinə fikirlər paylaşıb”
Jurnalistin vəkili Elçin Sadıqov onun haqqında qərarı ifadə azadlığının pozuntusu kimi dəyərləndirib və müvəkkilinin paylaşımlarında yayılması yasaq sayılacaq heç nə olmadığını söyləyib:
“O, sadəcə, müharibə əleyhinə fikirlər paylaşıb, bunu da “qadağan olunmuş informasiya” kimi qiymətləndirmək doğru deyil”.
Apellyasiya məhkəməsində jurnalistin döyülməsi məsələsindən də danışılıb. N.Qəhrəmanlı deyir ki, onu sentyabrın 21-də evindən aparanda da, daha sonra prokurorluqda olanda da döyüblər.
Vəkil Yasamal rayon Məhkəməsinin 30 sutkalıq həbs qərarının ləğvini, jurnalistin həbsdən azad edilməsini istəyib.
N.Qəhrəmanlı özü də təqsirsiz olduğunu deyir. Onun sözlərinə görə, paylaşımlarında hərbi əməliyyatlar zamanı mülki əhaliyə ziyan vurmamağa çağırırmış.
İlqar Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra geri qayıdaraq 30 sutkalıq həbs qərarının qüvvədə saxlandığını açıqlayıb.
Jurnalistin yaxınları bildiriblər ki, ölkədaxili hüquqi müdafiə vasitələri tükəndiyindən onun həbsi ilə bağlı Avropa Məhkəməsinə şikayət edəcəklər.