1 oktyabr 1975-ci il, Filippinin paytaxtı Manilada Məhəmməd Əli və Co Frezer arasında üçüncü görüş baş tutur. Olduqca gərgin keçən qarşılaşmaya “Manilada triller” adı verilir.
İdmançılar daha əvvəl iki dəfə qarşılaşmışdılar. Birincisində dünya çempionu Frezer qalib gəldi. Bu, Əlinin karyerasında ilk məğlubiyyəti idi. Az sonra Corc Formenə uduzan Frezer titulunu itirdi. İkinci Əli-Frezer döyüşündə Əli qalib gəldi. Bundan sonra Formenə nokautla qalib gələn Əli Vyetnam müharibəsində iştirakdan imtinaya görə məhrum edildiyi dünya çempionu adını özünə qaytardı.
Üçüncü Əli-Frezer qarşılaşmasında Əli titulunu qorumağa, Frezer isə titulu özünə qaytarmağa çalışacaqdı.
Görüşə maraq həddindən artıq böyük idi. Bəzi iddialara görə, qarşılaşmaya 1 miyard adam baxıb.
Qarşılaşma başlamazdan əvvəl rinqin ortasına qalibə veriləcək kubok qoyuldu. Əli onu götürüb öz küncünə apardı. Kuboku yenidən rinqin ortasına qaytarsalar da Əlinin bu hərəkəti tamaşıçılarda gülüş və rəğbət doğurdu.
İlk dörd raund Əlinin üstünlüyü ilə keçdi. Beşinci raunddan Frezer üstünlüyü ələ aldı. Amma 12-14-cü raundlarda yenidən Əli üstün oldu. Boksçular inanılmaz dirəniş göstərirdilər. Fasilələrin birində Əli öz sekundantına “Mən heç vaxt ölümə bu qədər yaxın olmamışam” deyir. Bir jurnalist isə yazırdı ki, “Əli Formeni nokaut etdiyi zərbədən otuzunu Frezerə vurdu”, amma Co ayaqda qalmağı bacardı.
14-cü raunddan sonra Frezer sol gözü örtülür. Sekundantı üç barmağını onun sağ gözünə tutaraq “bu neçədir?” soruşur və Co “bir” deyir. Bundan sonra sekundant görüşü dayandırmaq qərarına gəlir, hərçənd Frezer razı deyildi.
Maraqlıdır ki, Frezer təslim olmasaydı, Əlinin 15-ci raunda çıxa biləcəyi sual altında idi. Deyilənlərə görə, Əli sekundantından əlcəklərini çıxarmasını istəyib, o isə razılaşmayıb. Əli sonralar da deyir: “Frezer məndən əvvəl dayandı. Mən davam edə biləcəyimi düşünmürdüm”.
Acıdil Əli üç görüşü zamanı Frezeri xeyli ələ salmış, təhqir etmişdi. Co bunu illər boyu unutmadı. 1996-cı il Atlanta Olimpiadasının məşəlini yandırmaq hüququ Əliyə veriləndə jurnalistlər Frezerdən münasibət öyrəndilər. O da “Əlinin özünü yandırmaq lazımdır” cavabını verdi.