• 24 Noyabr 2024 04:00

Xocavənddə 4 körpüyə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlanıb – FOTO

 

Xocavənd rayonu ərazisində 4 ədəd körpünün alt və yan hissələrində yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Xəbərə görə, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə tərkibində 200 kq-dan artıq trotil dolu qutulardan ibarət tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.

Belə ki, körpülərin alt və yan tərəflərinə hər biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi, texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

Aşkar edilən partlayıcı qurğular ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazilərin təhlükəsizliyi təmin edilib.

Oxşar xəbərlər