Xəbər verdiyimiz kimi, Azərbaycanın hüquq-mühafizə orqanları özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin “rəhbər şəxsləri”ndən bir neçəsini saxlayaraq Bakıya gətiriblər.
Ermənistanın “Hraparak” nəşri sözügedən şəxslərin son ana qədər Rusiya sülhməramlı kontingentinin iqamətgahında olduqlarını yazıb.
Bildirilib ki, ruslar tərəfindən onlara sağ-salamat Ermənistana aparılacaqlarına dair vəd verilib:
“Lakin ruslar yalan danışıb, vədlərinə əməl etməyiblər. Əvəzində bəziləri Azərbaycanın siyahılarında olan bəzi şəxslərin ölkədən çıxarılması müqabilində külli miqdarda pul qazanıblar. Bizə çatan mötəbər məlumata görə, onlar bu avtomobillərin sərhəddən maneəsiz keçməsi üçün bir nəfərdən 280 min dollar alaraq Həkəridə azərbaycanlılara iki maşının nömrəsini veriblər. İllərlə ruslarla isti münasibətdə olan Arayik Arutyunyan əmin idi ki, ruslar onu Azərbaycan tərəfinə təhvil verməyəcəklər”, – nəşr yazır.
Qeyd edək ki, indiyədək Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən erməni separatçılarının keçmiş “prezident”ləri Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan, həmçinin Qarabağın millətçi “Daşnaksütyun” partiyasının lideri, “parlamentin keçmiş sədri” David İşxanyan, həmçinin keçmiş “dövlət naziri” Ruben Vardanyan və separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş Davit Babayan, eləc də 2015-2018-ci illərdə qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş qanunsuz hərbi silahlı qrupun üzvü olan Lyova Henrixi Mnatsakanyan saxlanılıblar.
Azərbaycan tərəfi rəsmi şəkildə sadəcə son üçünün saxlanılması xəbərini təsdiqləyib. Araik Arutyunyanın isə saxlanılmasını əks etdirən kadrlar yayılıb.
Ötən gün isə qondarma rejimin “sonuncu prezidenti” Samvel Şahramanyanın da saxlanılması ilə bağlı xəbər yayılsa da, daha sonra TASS onun artıq Ermənistanda olduğunu açıqladı. (Yeniavaz)