• 24 Noyabr 2024 17:45

“Ermənistanda da olsa, həbs ediləcək, şübhəniz olmasın!” – Polkovnik

“Ermənistanda da olsa, həbs ediləcək, şübhəniz olmasın!” - Polkovnik

“Vitali Balasanyanın harada olmasından asılı olmayaraq, Azərbaycan dövləti lazımi tədbirləri görür və xüsusi xidmət orqanlarımız bununla ciddi məşğuldurlar”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O, separatçı rejimə məxsus “lider”lərin həbs olunması fonunda Vitali Balasanyanın da həbs edilməsi ilə bağlı Azərbaycanın hüquq – mühafizə orqanları tərəfindən başladılan cinayət işi çərçivəsində onun yerinin aşkar edilməsi məsələsinə münasibət bildirib.

Xatırladaq ki, Ermənistanın “Pastinfo” nəşri V. Balasanyanın İrəvanda olduğu ilə bağlı iddia səsləndirib. Məlumata görə o, İrəvandakı xəstəxanaların birində ürəyində olan problemlərə görə həkim nəzarəti altındadır.

Polkovnik Ramaldanovun fikrincə, əgər o, Azərbaycan ərazisindədirsə, axtarış tədbirləri görərək onu həbs edib, digərləri kimi məsuliyyətə cəlb etmək üçün Bakıya gətirəcəklər:

“Yox, əgər bizim ərazidə deyilsə, harada olursa-olsun, biz lazımi sənədləri tərtib edib müraciət edəcəyik. Əlbəttə ki, digər tədbirləri də görəcəyik. Ona görə də şübhə etmirəm ki, o da digərləri kimi həbs olunacaq və Azərbaycan qanunları qarşısında törətdiyi cinayətlərlə bağlı cavab verəcəkdir. Sadəcə bunun gec-tezi var”.

Hərbi ekspertin sözlərinə görə, ola bilsin ki, onunla bağlı əlavə tədbirlər görülüb:

“Çünki Azərbaycan xüsusi xidmət orqanlarının işi nəticəsində biz Qarabağ separatçılarının “rəhbər” şəxslərini saxlayıb onları məsuliyyətə cəlb etmişik. Prinsipcə, bu gün Qarabağ İqtisadi Rayonuna tam nəzarət etmirik. Çünki ərazidə reinteqrasiya prosesi gedir, yanvarın 1-nə qədər separatçı rejimə məxsus “dövlət orqanları”nın Azərbaycana təhvil verilməsi və Azərbaycan dövlət orqanlarının orada təmsil olunması prosesi baş tutacaq. Müvafiq proses hazırda bu formada gedir”.

Ş. Ramaldanov düşünür ki, Vitali Balasanyan, əgər sağdırsa, Azərbaycan qanunları qarşısında cavab verəcək:

“Buna heç bir şübhəm yoxdur. Hər halda bu prosesi daimi bir prosesdir və onun həbs olunmasını zamana bağlamaq düzgün olmaz. Əsas odur ki, proses gedir və onun nəticələrini görürük. Fikrimcə, Balsanyanın həbsini də görəcəyik və heç kimin buna şübhəsi yoxdur. Əgər o Azərbaycan daxilindədirsə, sadaladığım formada, yox, xaricdədirsə, beynəlxalq normalar çərçivəsində onu məsuliyyətə cəlb etmək üçün müraciətlər olacaq. Digər tədbirlər də görülə bilər ki, hələlik bunu açıqlamağı düzgün saymıram”.

Tacxeber.com

Oxşar xəbərlər