“Hələ SSRİ dönəmində Tibb, Hüquq və Texniki ixtisaslar üzrə təhsil alan tələbələr sülh dövründə həqiqi hərbi xidmətdən azad idilər. Hər bir ixtisas üzrə universitetlərdə hərbi kafedra var idi. Tədrisin sonunda məzunlar 2 aylıq zabit toplantısı keçdikdən sonra ehtiyatda olan leytnant rütbəsi alırdı.
Hesab edirəm ki, bu qayda Tibb Universitetindən məzun olan gənc həkimlərə şamil edilməlidir.Ona görə ki,hal hazırda ATU-nun ayrıca Hərbi Tibb fakültəsi mövcuddur və xeyli sayda hərbi həkim yetişdirilir”.
“Ölkə.Az” xəbər verir ki, bunu Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli deyib. O bildirib ki, indiki şəraitdə ölkəmizdə kifayət qədər ixtisaslı həkim qıtlığı var:
“Həkimlərin yetişdirilməsi, 6 illik bakalavr və 4-5 illik rezidentura təhsili kifayət qədər zaman aparır. Hətta bakalavrdan dərhal sonra hərbi xidmətə yollanan gənc həkim yenidən rezidentura və ya uzmanlıq təhsili almaqda maraqsız olurlar. Daha çox özəl sektora və ya ölkəni tərk etməyə maraq göstərirlər”.
“Bu baxımdan tibb təhsili alan gənclərin sülh dövründə təhsilini davam etdirməsi, müharibə dövründə isə ehtiyac yarandığı anda hərbi strukturlara səfərbər olunması məqsədəuyğun və məntiqli olardı”, – deyə ekspert əlavə edib.