“Hekken”in “Qarabağ”la matçdakı əsas üstünlüyü süni meydança və evdə oynamasıdır” – MÜSAHİBƏ
“Qarabağ”ın sabiq baş məşqçisi İqor Ponomaryov Sportal.az saytına müsahibə verib. 63 yaşlı mütəxəssis bu gün Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Hekken” və “Qarabağ” klubları arasında keçiriləcək görüşdən gözləntilərini bildirib. “Nörçöppinq”in futbolçusu və məşqçisi olmuş, həm də “Sirianska”nı çalışdıraraq İsveç futboluna yaxşı bələ olan Ponomaryov “Qarabağ”ın bu gün uğurlu nəticə qazanacağına inandığını deyib.
– “Qarabağ” bu gün “Hekken” önünə çıxacaq. Azərbaycan çempionunu favorit göstərənlər az deyil. Siz necə düşünürsüz?
– Azarkeşlərin “Qarabağ”a inanması əladır. Yəqin ki, bu həm futbolçulara, həm də məşqçilər korpusuna inam verir. Mən özüm də, “Qarabağ”ın uğurlu çıxış edəcəyinə inanıram.
– Süni ot örtüyü “Qarabağ”a maneə yaradacaq?
– Təbii ki, süni örtüklü meydançanın öz çətinlikləri var. Buna öyrəşmək lazımdır. Ola bilər ki, bu fakt “Qarabağ”a hardasa çətinlik yaratsın. Ancaq əsas rolu oynamayacaq. Vacib məsələ futbolçuların özlərini meydanda göstərməsi, sona qədər mübarizə aparması, maksimumunu verməsi, qələbə qazanmaq istəyidir. Yəni, daha çox mübarizə elementləri ön plana çıxacaq. Taktiki və texniki plan da həmçinin. “Qarabağ”ın “Hekken”lə görüşdə yaranacaq istənilən çətinliyin öhdəsindən gələcəyinə inanıram.