• 25 Noyabr 2024 06:46

At ətini necə ayırd etmək olar? – Mühüm detallar

Son vaxtlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlaka yararsız bəzi ət məhsullarının satışının qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirilir…

Oktyabrın 5-də vətəndaş şikayəti əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 1 ünvanında fəaliyyət göstərən ət satışı məntəqəsində aparılan yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, mənşəyi məlum olmayan, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ tələblərə cavab verməyən 40 kiloqram istehlaka yararsız ət aşkarlanıb.

Ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında yoxlanılıb, at DNT-si və bakterioloji çirklənmə aşkar edilib.

Mal əti adı altında istehlakçılara təqdim olunan məhsulların satışa çıxarılmasının və dövriyyəyə buraxılmasının qarşısı alınıb, müəssisənin fəaliyyəti dayandırılıb və sahibkar inzibati məsuliyyətə cəlb olunub.

Bununla bağlı “Bizim.Media”ya açıqlama verən aqrar sahə üzrə ekspert Eyyub Hüseynov, Azərbaycanda at ətinin satışının qadağan edilmədiyini bildirib:

“Çox təəssüf ki, bununla bağlı heç bir sənəd yoxdur. Ölkəmiz üçün yeyilməsi ənənəvi olmayan heyvan ətlərinin satışının qadağan edilməsi üçün bir sənədin olması mütləqdir. Belə çıxır ki, qadağalar olmadığı üçün eşşək, hətta it ətinin yeyilməsi mümkün hesab edilə bilər”.

Müsahibimiz, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bu kimi hallarla mübarizə tədbirlərində çox uğurlu fəaliyyət göstərdiyini diqqətə çatdırıb:

“İdarə təkcə cərimə etmir, eyni zamanda, ekspertiza edir, mənbəyini tapır, cinayət işi açır və bu işlə məşğul olanları həbs edir. Ancaq məhkəmələr qısa müddətdə onlara bəraət qazandıraraq həbsdən azad edir. Artıq bunun kökünü kəsmək çox müşkül bir işə çevrilib.

At kənd təsərrüfatında istifadə olunan bir heyvandır və sağlam heyvanı heç kim kəsmir. Qocalmış atı isə əti çox bərk olduğu üçün kəsmirlər. Yalnız xəstə olduğu zaman onu kəsirlər ki, bu zaman da onun xəstəliyi insana keçə bilər. AQTA küçə kəsimini və satışını qadağan etmək və ona qarşı mübarizə aparmaq istəyir, ancaq bacarmır”.

Eyyub Hüseynovun sözlərinə görə, insanlar belə faktları görsələr də, yenə də əti qəssablardan almaq istəyirlər:

“Amma mağazalara və marketlərə getmək istəmirlər. Gözləri ilə gördükləri məhsulu almağa üstünlük verirlər. Bəzən isə gözlərinin qarşısında kəsilən heyvan da sağlam olmaya bilər, bununla belə insanlar ət və eşşək ətindən qaçmaq üçün belə etməyə məcbur olurlar”.

Ekspert at ətini digərlərindən ayırmağın mümkün olduğunu da qeyd edib:

“At əti qırmızı olur, spesifik qoxuya malikdir və qabırğalarının enli olmasından tanınır. Əgər Maştağa kimi konservativ, milli adət və ənənələrinə malik bir məntəqədə at əti satılırsa, bundan artıq deməyə söz qalmır.

Bu ətin ölkəmizdə istifadəsinin qarşısı alınmalıdır. Eyni zamanda, alıcılar ehtiyatlı olsunlar və satış məntəqələrindən ətin mənşəyi ilə bağlı sənədləri tələb etsinlər, ona görə ki, bu hüquqa malikdirlər. Satıcı da bu sənədi göstərməyə borcludur”.

Tacxeber.com

Oxşar xəbərlər