• 25 Noyabr 2024 08:23

Onminlərlə insanın ölümü ilə nəticələn Aşqabad zəlzələsi baş verir.

Sovet hökumətinin bu təbii fəlakət haqqında məlumatları hansısa səbəbdən gizlətdiyinə görə bəzi məsələlər hələ də mübahisəlidir. Zəlzələnin Rixter şkalası ilə 7 və ya 8 və ya 9 bal gücündə olduğu söylənilir. Ölənlərin sayı barədə yalnız ehtimallar səsləndirilir.

İlk təkanın gecə saat 01.12-də baş verdiyi məlumdur. İkinci, daha güclü təkan ondan bir neçə saniyə sonra baş verir. Bu iki təkan 130 mindən çox adamın yaşadığı şəhəri bir dəqiqənin içində yerlə yeksan etdi. Dağıntıların və tələfatın bu qədər ağır olmasının bir neçə səbəbi vardı.

Türkmənistan 1881-ci ildə İranla imzalanan Axal müqaviləsinə əsasən Rusiyanın tərkibinı keçdi. Buradakı kiçik Asxabad qalasında ruslar hərbi məntəqə saldılar və Rusiya imperiyasının Xəzərarxası (Zakaspiysk) vilayətinin inzibati mərkəzi etdilər. Nəticədə bu yaşayış məntəqəsi sürətlə böyüməyə başladı. Əslində yer olduqca uğursuz seçilmişdi, çünki bu ərazidə tarix boyu ən azı üç dağıdıcı zəlzələnin olması məlum idi.

1948-ci ilə qədər şəhərdə tikilən evlərin və binaların böyük əksəriyyəti seysmik dayanıqlı deyildilər. Yalnız son illərdə tikilən bir neçə binada seysmoloji təhlükə nəzərə alınmışdı, bu zaman da baş verə biləcək zəlzələnin gücü aşağı proqnozlaşdırılmışdı.

Evlərin demək olar ki, hamısı bişmiş və çiy kərpicdən tikilmişdi. Panel binalardan fərqli olaraq, belə tikililər dağılanda insanları xilas edə biləcək boşluqlar əmələ gəlmir. Nəticədə uçuqlar altında qalanlar ya xəsarətdən dərhal, ya da oksigen çatışmazlığından tezliklə ölürlər.

Digər tərəfdən, zəlzələnin episentri şəhərin lap yaxınlığında, az qala altında idi. Nəhayət, təkanların gecə vaxtı, hamının evdə və yatmış olduğu zaman baş verməsi də qurbanların sayını artıran əsas səbəb idi.

Şəhərdə xəsarət almayan tikili yox idi. Ciddi xəsarət alan, amma tamam uçulmayan binaların barmaqla saymaq olardı. Dağıntıların həcmi Merkalli şkalasına əsasən X balla (ekstrim) qiymətləndirilir.

Aşqqabadın özündə ən azı 36-37 min sakinin öldüyü təxmin edilir. Ətrafdakı yaşayış məntəqələri ilə birlikdə ölənlərin 50-100 min arasında olduğu güman olunur. Müasir Türkmənistanda 176 min rəqəmi səsləndirilir, amma, zənnimcə bu, şişirdilmiş rəqəmdir.

Zəlzələnin təsirindən Azərbaycanda “Aşqabad batan kimi batdı” ifadəsi yarandı və bu ifadə fəlakətin, uğursuzluğun ən ağır dərəcəsi kimi işləndi.

Özü İkinci dünya müharibəsində həlak olan türkmən Atamurat Niyazovun dul arvadı Qurbansoltan, böyük oğlu Niyazmurat, kiçik oğlu Məhəmmədmurad zəlzələdə həlak oldular. Yalnız ortancıl oğlu Saparmurat sağ qaldı və böyüyüb Türkmənbaşı oldu.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər