Heç bir halda ermənilər əleyhinə nəsə yazmıram. Sadəcə olaraq həqiqətlə üzləşib onu söyləməyə cəsarətim var. Boş söhbətlərdən iyrəndim, vətənpərvərlik altında xidmət edilən absurddan iyrəndim.
Bunu erməni bloger Natali Aleksanyan Feysbuk səhifəsində yazıb.
“Sizin vətənpərvərliyinizdən ölkə nə qazandı? Sözlə Türkiyəni qan dəryasına çevirirsən, əslində isə sənin fəryadın altında ölkə metr-metr dövlətçiliyini itirir. Türkiyənin bununla nə əlaqəsi var? Siz türklərlə azərbaycanlılar arasında fərq qoymursunuz? Və belə cahillər bizə həyatı öyrədir? Ciddisiniz? Ayılmaq, ağıllanmaq əvəzinə, qeyri-real işlərlə məşğul olursunuz. Üç ölkə ilə döyüşəcəksiniz? Əgər belədirsə, son müharibələr zamanı harada idiniz? Yoxsa sizin döyüşkənliyiniz ancaq həqiqəti deyən soydaşlarınıza hürməyə kifayət edir? Yalandan iyrəndim, tək məqsədi fikrinə zidd danışanların ağzını bağlamaq olan şəbəkələrin vətənpərvər klounlarından iyrənirəm. Məhz sizin sayənizdə uşaqlarımızı itirdik, amma qan istəyən dişləriniz hələ də yeni qurbanlar tələb edir. Sakitləşməyiniz üçün nə qədər ermənini qurban verəcəksiniz? Siz bu ölkənin lənətisiniz.
Əgər bizi növbəti müharibəyə aparsanız, söz verirəm ki, bütün Feysbuk hesablarınızı toplayıb lazımi orqanlara təhvil verəcəm ki, ön cəbhədə olasınız. Bəlkə o zaman türklər, nəhayət, sizi aradan götürüb ölkəmi sizdən azad edəcəklər”, – o bildirib. (Axar)