“Hazırda oğlum, qardaşımın oğlu İsrail ordusunda xidmət edir”
“20 dəfə pilləkənlərə tərəf qaçmışıq, 3-4 dəqiqə “Dəmir günbəz”in “Həmas” raketlərini vurmasını gözləmişik”
“Biz axıra qədər qalmaq istəyirik. Hazırda həm mənim oğlum, həm də qardaşımın oğlu İsrail ordusunda xidmət edir”.
Bu sözləri hazırda İsrailin paytaxtı Tel-Əviv şəhərində yaşayan Lev Eppelbaum deyir. Tel-Əviv Universitetinin professoru olan L.Eppelbaum azərbaycanlı hüquq müdafiəçisi Novella Cəfəroğlunun oğludur.
Onun sözlərinə görə, hazırda ölkədə hərbi əməliyyatlar davam edir:
“2 gün əvvəl 20 dəfədən çox həyəcan siqnalı verilib. 20 dəfə pilləkənlərə tərəf qaçmışıq. 3-4 dəqiqə “Dəmir günbəz”in “Həmas” raketlərini vurmasını gözləmişik. Bu, ilk gün olmuşdu. Hazırda hücumlar dayanıb. Mən evdən işləyirəm. Çünki hələlik iş yerlərinə getməmək icazəsi var. Bizim dərslər oktyabrın 15-də başlamalı idi, amma 1 həftə təxirə salınaraq 22 oktyabra keçirildi”.
Lev Eppelbaum deyir ki, “Həmas”ın hücumu nəticəsində 750 nəfər həlak olub, 2000-dək şəxs yaralanıb.
7 oktyabrda İsrailin Baş naziri Benjamin Netanyahu ölkədə hərbi vəziyyət elan edib. L. Addel bildirir ki, bu halda hərbi əməliyyatlar üçün siyasilərdən icazə almaq tələb olunmur.
“Bu, o deməkdir ki, hazırda hərbi vəziyyətlə bağlı ordu, polis və xüsusi xidmət orqanlarına xüsusi səlahiyyət verilib. Onlar bu və ya digər əməliyyat keçirmək üçün siyasi hakimiyyətdən icazə almağa məcbur deyillər. Onlar hər şeyə özləri qərar verirlər və yalnız bundan sonra siyasi hakimiyyəti bu barədə xəbərdar edirlər. Bu hüquqlar onlara hərbi vəziyyətin elan olunması ilə verilir”.
Lev Eppelbaum deyir ki, şəhərdə qalmaq təhlükəli olsa da, buranı tərk etmək fikirləri yoxdur.
“Biz axıra qədər qalmaq istəyirik. Mənim hazırda oğlum, qardaşımın oğlu ordudadırlar. Kiçik qardaşım həkimdir. O, özü könüllü şəkildə hərbi əməliyyatların keçirildiyi yerə getmək, yaralılara kömək etmək, onların hospitallara çatdırılmasında iştirak etmək üçün orduya yollanıb”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, onun 3 oğlu ailəsilə birlikdə İsraildə yaşayır. Qəzza zolağındakı “Həmas” silahlı qruplaşmasının İsrailə hücumundan sonra onun ailə üzvləri də müharibəyə aparılıblar. Onun sözlərinə görə, ailə üzvləri 1991-ci ildən İsrailə köçüb, orada yaşayırlar: