• 25 Noyabr 2024 19:26

O, belə gündə də ağlaşma qurursa…

“Komandalarda çoxlu əcnəbi futbolçuların yer aldığı Azərbaycan çempionatı var. Bu, açıq-aydın milli komandanın işinə kömək etmir”.

Bu fikirləri Azərbaycan millisinin çalışdırıcısı Canni De Byazi dilə gətirib.

Həqiqətən, yüksək liqamızda legionerlərin çoxluğu diqqət çəkir. Amma məharəti olan yerlilərə də qapılar bağlı deyil. Öz məharətini ortaya qoymağı bacaranlar da az deyil.

Təbii ki, ölkə çapında.

Klub sayı artıb, əksinə son iki mövsümü əvvəlki illərlə müqayisə edəndə inkişafı görməmək mümkün deyil.

Ən azından yerlilərin sayında kəskin artım var.

2 il əvvəl heç kimin tanımadığı, amma indi haqqında xoş sözlər danışa biləcəyimiz gənclərin paralması da diqqətdən qaçmaya bilməz.

Yerli bazarla bağlı bütün bu kimi müsbət elementləri atıram bir kənara.

Məncə, son illərin ən yaxşı millisi indiki dövrə təsadüf edir.

Heyətdə yer alan legionerlərin sayına, keyfiyyətinə görə.

Təsəvvür edin ki, Estoniya və Avstriya milliləri ilə oyunlar üçün dəvət alan 26 futbolçudan 10-u legioner həyatı yaşayır.

Siyahı ilə tanış olun:

Şahrudin Məhəmmədəliyev – “Adana Demirspor” (Türkiyə)

Anton Krivotsyuk – “Daejon Hana” (Cənubi Koreya)

Bəxtiyar Həsənalızadə – “Tuzlaspor” (Türkiyə)

Coşqun Diniyev – “Ümraniyespor” (Türkiyə)

Mahir Emreli – “Dinamo” (Zaqreb, Xorvatiya)

Musa Qurbanlı – “Yurqorden” (İsveç)

Ozan Can Kökçü – “Eyndhoven” (Niderland)

Ramil Şeydayev – “Buriram Yunayted” (Tailand)

Renat Dadaşov – “Hatayspor” (Türkiyə)

Cəlal Hüseynov – “Arda” (Bolqarıstan)

Son illərdə əsas yığmada belə bir statistika olduğunu xatırlamıram.

Həm də nəzərə alaq ki, həmin legionerlərimizdən əksəriyyəti normal liqalarda çıxış edir və klublarının əsas simalarından hesab olunurlar.

De Byazi belə gündə də ağlaşma qurursa, daha çemodanın götürüb getsə yaxşıdır.

Xanoğlan İmamnov

Tacxeber.com

Oxşar xəbərlər