• 23 Noyabr 2024 04:52

İran monarxiyasının sonuncu “birinci ledi”si.

14 oktyabr 1938-ci il, İran monarxiyasının sonuncu “birinci ledi”si, şahbanu Fərəh Diba Pəhləvi anadan olub.

Fərəh Tehranda dünyaya gəlib. Atası Söhrab Diba azərbaycanlı və İran ordusunun zabiti idi, anası Fəridə Qotbi Xəzərin cənub sahilində yerləşən Lahicanda anadan olub və ehtimal ki, gilək idi. Fərəh onların yeganə övladıdır.

Əslən Təbrizin Şeşgilan məhəlləsindən olab Diba ailəsi müəyyən qədər zəngin sayılırdı. Fərəhin babası Mehdi xan Diba Qacar xanədanının Rusiyada səfiri olub. Amma atasının 1948-ci ildə xərçəngdən erkən ölümü ailənin rifahına təsir edir, Fərəh və anası dayısının evinə köçməli olur.

Fərəh Tehranda əvvəlcə Pietro Della Valle italyan məktəbində, daha sonra Janna D`Ark fransız məktəbində və nəhayət yenə fransızca olan Razi litseyində təhsil alıb. Bu illərdə basketbolla məşğul olub. Daha sonra Parisə gedərək “Ecole Speciale d’Architecture” memarlıq məktəbində təhsil alır.

1959-cu ildə İran səfirliyində keçirilən tədbir zamanı Parisdə oxuyan bir sıra tələbələr sırasında Fərəh də Məhəmməd Rza şaha təqdim olunur. Gözəl və qamətli qız subay şahın dərhal diqqətini cəlb edir.

Şah uşaqlarının olmaması səbəbindən ikinci arvadı Soreyya İsfəndiyari-Bəxtiyaridən boşanmışdı və Pəhləvi taxtına varis bəxş etmək üçün təcili evlənmək nüyyətində idi. O, Fərəhə evlənmək təklif edir. Bəzi iddialara görə Parisdə oxuduğu müddətdə sol ideyalara meyllənən və hətta Tudənin aksiyalarında iştirak edən Fərəh bu təklifi qəbul edir.

Onların toyu 1959-cu il dekabrın 21-də olur. 1960-cı il oktyabrın 31-də şahın çoxdan arzuladığı vəliəhd – Rza anadan olur. Cütlüyün daha üç övladı oldu: Fərəhnaz, Əli Rza və Leyla.

1967-ci il oktyabrın 26-da Rza şah Fərəh üçün tacqoyma mərasimi keçirərək rəsmən şahbanu (imperatriçə) elan etdi. O, İranın İslam tarixində ilk və son şahbanu oldu. Həmin titulu yalnız Sasanilər dövründə iki qadın daşımışdı.

Fərəhin şaha ciddi təsiri olduğu söylənilir. 1960-70-ci illərdə bir sıra müsbt addımların, məsələn qadınların emansipasiyası və səs hüququ qazanmaları, eləcə də təhsil və səhiyyədə islahatlarda şahbanunun böyük rolu olduğu deyilir. Məhz onun təsiri ilə şah müxtəlif ölkələrə daşınmış İran abidələrinin geri alınması üçün xeyli vəsait ayırdı və Tehran muzeyləri zənginləşdi.

Eyni zamanda şahbanunun himayəsi altında keçirilən dəbdəbəli tədbirlər – məsələn, İran monarxiyasının 2500 illiyinə həsr olunmuş olduqca təmtəraqlı mərasim, – eləcə də qadınların emansipasiyası mühafizəkar kəsimin nifrətinə səbəb olurdu.

Hər şeyin əladan əla getdiyi bir zaman İranın daxili vəziyyəti qarışdı və 13 ay davam edən etirazlardan sonra monarxiya devrildi, İslam respublikası quruldu.

Dünyanın ən xoşbəxt ailələrindən sayılan Pəhləvilər indi heç yerdə sığınacaq tapa bilmirdilər. Nəhayət, Ənvər Sadat onları Misirə dəvət etdi. Qan xərçəngindən əziyyət çəkən şah 1980-ci ildə burada öldü. Fərəh və övladları ABŞ-da məskunlaşdılar.

Fərəhin kiçik qızı Leyla 2001-ci ildə çoxlu sayda yuxu dərmanı içərək intihar etdi. Əli Rza Pəhləvi isə 2011-ci ildə özünü tapança ilə vurdu.

2004-cü ildə şahbanunun “Bitməyən eşq: mənim şahla həyatım” adlı memuarları çapdan çıxdı.

Bugün 85 yaşı olan Fərəh Diba Pəhləvi paytaxt Vaşinqtonun yaxınlığında, Merilend ştatında yaşayır. O, hələ də bir sıra kübar tədbirlərdə iştirak edir. Məsələn, bu ilin əvvəllərində Yunanıstanın son kralı II Konstantinin dəfn mərasimində göründü.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər