• 24 Noyabr 2024 17:06

TARİX MÜƏLLİMİ OLA BİLMƏSƏM DƏ, TARİX YAZDIM BƏLKƏ!”

 

Elgün Quliyev ucqar kənd məktəbinin müəllimi olacaqdı, şəhadətə yüksəldi…

Qəhrəman müəlliminin yolunu gözləyən bir məktəb var – Lerik rayon Sors kənd ümumi orta məktəbi. 2021-ci ilin payızından gözü yol çəkir o məktəbin. O müəllimin sorağı da gedib, sənədləri də, bir özü getməyib. Tək o məktəbin yox, müəllim anasının, 3 müəllim bacısının da gözünü yolda qoyub əsgər müəllim Elgün Quliyev. Özü qayıtmadı çıxdığı ana qucağına, əvəzinə orden və medalları gəldi…

Müəllim yetişdirən ananın balası idi…

Ata sürücü, ana müəllim olan ailədə 4 uşaq böyüdü. Qızlar bir-bir anası kimi müəllim oldu. Böyük qızlar elə analarının da ixtisasını seçdilər, ikisi də ibtidai sinif müəllimi oldular. Üçüncü qız Aysel Azərbaycan dili və ədəbiyyat ixtisasını seçdi. Evin ən balacası, anasının yeganə oğlu, 3 bacısının tək qardaşı Elgün də tarixi seçdi, tarix müəllimi adını qazandı. Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində topladığı 52 balla dərs demək hüququ əldə etdi. İlk dəfə sinfə girəcəkdi. Şagirdlərinə tarixdə qalanlardan danışacaqdı Elgün müəllim. Ancaq özü şəhid olub tarixə düşdü. Müasir tariximizin şanlı səhifələrindən birində yazıldı onun da adı. Müharibənin bitməsinə saatlar qalmış şəhid oldu. Və Elgün Vasif oğlu Quliyevi 2020-ci ildə təkcə o məktəb yox, bütün ölkə tanıdı.

Ucqar kənd məktəbində dərs demək arzusu ilə müəllimliyi seçdi…

Şamaxı rayon Göylər kənd sakini idi. 7-ci sinfə qədər burada oxumuşdu. Sonra İsmayıllıda və Şəkidə təhsil alıb.

Ali məktəbi bir neçə il idi bitirmişdi. Nəhayət, müəllimliyə başlayacaqdı. Ucqar kənd məktəbində dərs demək ən böyük arzusu idi. Şamaxı rayon Göylər kənd 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi olan anası Qənirə Quliyeva deyir ki, oğlunun sənədlərini seçdiyi məktəbə o təqdim edib: “Bizə xəbər vermədən hərbi komissarlığa müraciət edib. Tovuz döyüşlərindən sonra düz 3 dəfə müraciəti olub. Sonuncu dəfə sentyabrın 28-də zəng edib “Məni niyə çağırmırsınız?”, – deyib. Səhəri gün getdi. Ona görə də müəllim kimi qəbul olunduğu məktəbə sənədlərini mən təqdim etməli oldum. Oktyabrın 10-da bildirildi ki, qəbul olunduğu məktəbdə qeydiyyatdan keçməliyik. Sənədlərini apardım. Qayıdanda zəng edib məktəbini soruşdu məndən. Dedim ki, tam istədiyin kimi bir məktəbdə dərs deyəcəksən. Çox sevindi. Dedi ki, qalın paltar da alıb. Çox həvəsli idi. Ucqar kənddə müəllimlik edəcəkdi”.

Vətənini bütöv görmək arzusu ilə şəhid oldu!

Elgün Vasif oğlu elə özü dediyi kimi, tarix yazdı. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşərək noyabrın 9-da, müharibənin bitməsinə bir neçə saat qalmış şəhid oldu. Müəllimlik arzusunu Vətən sevdasına fəda etdi. Çünki vətən hər şeydən öndə gəlir. Qənirə xanım deyir ki, ondan videolar qalıb. Hər yerdə Elgün Qarabağdan, torpaqları uğrunda gözlənilən və onun da qatılacağı müharibədən danışır.

Bir şəklin tarixçəsi

Şəhidliyi ilə ailəsini qürurlandıran Elgün ölümündən sonra 4 medal, 1 orden qazanıb. “Vətən uğrunda”, “Döyüşdə fərqləndiyinə görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Əsgər müəllim ölümündən sonra təltif olunub, ölümündən sonra qalib olmağı bacaranlardandır. Belə ki, müəllim anası ilə birgə “qatıldığı” bir foto-müsabiqənin də qalibi olub. Həmin qələbəsi barədə anası Qənirə müəllim danışdı: “Qızım Aysel Nərimanov rayon Gənclər və İdman İdarəsinin və “GUYS” İctimai Birliyinin birgə təşkil etdiyi “Mən Azərbaycanam2” foto müsabiqəsinə çəkdiyi bir şəkli təqdim etdi. Həmin şəkli Elgünün ölümünün II ildönümündə çəkmişdi. Bir gün mənə dedi ki, belə bir şəklimi çəkmək istəyir. Onun dediyi kimi dayandım, şəkli çəkib paylaşdı. Həmin fotodan rəssamlar da istifadə etdilər, foto əsasında şəkillər çəkdilər. Bir müddət sonra Aysel həmin şəkli müsabiqəyə təqdim eləmək istədiyini dedi və etdi. Beləcə, həmin yarışda fotomuz qalib seçildi”.

MÜƏLLİMİN müharibə gündəliyi

Elgün müəllimdən bir dəftər qalıb. Elgünün müharibə gündəliyidir. Günbəgün yazıb müharibədə keçən ömrünü. Sətirlərdən belə görünür ki, orda da müəllim gözü ilə baxıb ətrafına.

Gündəliyindəki son cümlə bu olub: “Tarix müəllimi ola bilməsəm də, tarix yazdım bəlkə!”

Tacxeber.com

Oxşar xəbərlər