• 25 Noyabr 2024 06:10

Gözəlləşdirərkən zəhərləyən maddələr – ​ARAŞDIRMA

 

“Müştəri ayda bir dəfə, usta hər saniyə zəhərlənir. Həkimlər bildirirlər ki, kimyəvi maddələr təkcə saçlarımıza yox, həm də ağciyərlərimizə və gözlərimizə də mənfi təsir göstərir. Ona görə də belə yerlərdə havanın təmizliyinə əməl edilməli və maska taxılmalıdır”.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Qadınların daha çox istifadə etdikləri gözəllik prosedurlarından biri də saçlarını keratinlə düzləşdirmək və biozavivka buruqlardır. Bu prosedurlar kimyəvi maddələr vasitəsilə həyata keçirilir. Bu kimyəvi maddələr fenin istisi ilə birləşdikdə kəskin qoxu və buxar yaranır. Dəfələrlə salonlarda bu cür qoxulara məruz qalmışıq. Bu qoxular saça rəng qoyduqda, qulluq üçün prosedurlar həyata keçirdikdə, hətta saç laklarında da olur. Prosedur zamanı gözlərimiz, burnumuz qıcıqlanır, sulanır, bəzən nəfəs almaqda çətinlik çəkirik. Müştəri bunu ayda bir dəfə yaşasa da, ustalar daima işin içindədirlər və bu təsirə hər gün məruz qalırlar. Onlara bu qoxuların necə təsir etdiyini soruşanda isə deyirlər ki, “Nə edək, öyrəşmişik onsuz da. Zamanla müştərilər də öyrəşir”. Bəs bu kimyəvi maddələrin saçlarımıza, ümumilikdə sağlamlığımıza hansı təsirləri var?

Qalıcı effekt əldə etmək üçün saçın daxili strukturunu dəyişirlər

Trixoloq Cəmilə Əsgərova ”Kaspi”yə açıqlamasında dedi ki, gözəllik salonlarında kimyəvi maddələrlə saçların strukturunu dəyişirlər: “Xüsusi losyon və spreylər ilə müvəqqəti buruqlar, düzləşdirmə əldə etmək olur. Amma bütün bu vasitələr ilk yumada təsirini itirir. Ona görə də qalıcı effekt əldə etmək üçün xüsusi kimyəvi reaksiyaların köməyi ilə saçın daxili strukturunu dəyişirlər. Kimyəvi maddələrlə burmaq, kimyəvi düzləşmə saç telinin disulfit əlaqəsini pozur. Xüsusi qələvi əsaslı serumlar saçın qabıq qatına çatıb onun disulfit təbəqəsini dağıdaraq təbii formasını zədələyir”.

Bu maddələrin qeyri-düzgün və həddən artıq istifadəsi…

Həkimin sözlərinə görə, bu maddələrin saçlarımıza çox ciddi ziyanları mövcuddur: “Kimyəvi buruqlar sonrası saç uclarının, saçların zədələnməsi halları baş verir. Zədələnmə sonrası saçlar cansız, qısa, qırılan olur, saç ucları haçalanır. Düzləşdirmə zamanı daha çox qıvrım afro-amerikan saçları problem yaradır. Onlara daha çox vaxt tələb olunur ki, bu da saçların daha çox zədələnməsinə, qırılmasına səbəb olur. Əsas yan təsiri isə saç dərisinin yanığı, saçların qırılmasıdır. Düzləşdirmədə kimyəvi təsiri azaltmaq, yanıqlardan qaçmaq üçün prosedur öncəsi saç dərisinə vazelin vurmaq lazımdır. Bu kimyəvi maddələrin qeyri-düzgün və həddən artıq istifadə olunması saçın rəngsizləşməsinə, zəifləməsinə, saç dərisinin qıcıqlanmasına, qaşınmaya, kimyəvi yanıqlara, saç tökülməsinə, saç böyüməsinin ləngiməsinə, allergik reaksiyalara səbəb ola bilər. Ona görə də kimyəvi düzləşdiriciləri saç dərisinə sürtmək olmaz”.

C.Əsgərova bildirdi ki, bu maddələr saçdan əlavə digər orqanlara da təsir edir: “Həssas insanlarda kəskin kontakt dermatit baş verə bilər. Bu zaman intoksikasiya fonunda allergik reaksiyalar, bronxial astma və kanserogenez yüksək risk daşıyır. Həmçinin gözün selikli qişasının da qıcıqlanmasına və yuxarı tənəffüs yollarının zədələnməsinə səbəb olur. Ona görə bu prosedur aparılan otaqda yüksək havalandırma olmalıdır”.

Allergik reaksiyaların olmaması daha təhlükəlidir.

Pulmonoloq Əsəd Beydullayev dedi ki, bir insan salona ayda iki dəfə gedəndə bu maddələrin təsirinə məruz qalırsa, salonda çalışan usta davamlı olaraq işin içindədir: “Əgər tənəffüs yollarında allergik reaksiya, həssaslıq varsa, kəskin boğulma, boğazda, gözdə qaşınma, qızartı, şişkinlik, öskürək, sinədə xışıltı, bəlğəm ifrazının artması kimi hallar meydana çıxır. Ən qorxulusu isə odur ki, bəzi şəxslərdə belə reaksiyalar olmur. Reaksiya olmadığı üçün bu havanı daha çox udur, o da ciyərlərinə gedir, həm üst, həm də alt tənəffüs yollarının divarlarını zədələyir, eyni zamanda, alveolların divarına çataraq qana da keçə bilir”.

Maskalardan istifadə edin

Ə.Beydullayevin fikrincə, bütün salonlarda ustalara təlimlər keçilməli, onlara maskanın vacibliyi anladılmalıdır: “Belə peşələrdə çalışan, zərərli qazlarla, tozlarla işləyən hamı maskalardan, texniki təhlükəsizlik tədbirlərindən istifadə etməlidir. Bu, onları gələcəkdə ağır ağciyər xəstəliyinə yoluxmaqdan və yaxud allergik reaksiyaların meydana çıxmağından qoruyacaq. İnsanın bütün orqanları vacibdir, amma tənəffüs sistemi xariclə əlaqəsi olan demək olar ki, yeganə orqandır. Hər nəfəs aldıqda daxili orqanlara, ağciyərlərə hava gedir. Ona görə bu havanın təmiz olmasına diqqət etməliyik”.

Allergik reaksiyaların səbəbi bu maddədir

Oftalmoloq Emil Yusifov bildirdi ki, saç məhsulları qıcıqlandıran və allergik reaksiyalara səbəb ola bilən komponentdən ibarətdir: “Allergik reaksiya hallarının çoxu parafenilendiamin (PPD) adlı maddəyə görədir. Parafenilendiamin durulaşdırıcı maddədir. Ən təbii saç boyası növlərindən biri olan xınaya da bəzən PPD əlavə olunur. Keratin və digərlərində də PPD maddəsi olur. Bu, həssas insanlarda allergik reaksiyalara gətirib çıxarır. Reaksiyaya səbəb olan bu maddənin buxarlarıdır. Allergiya əlamətlərinə baş dərisində, üzdə və ya boyunda sancma, yanma hissi, baş dərisinin və üzün qaşınması və ya şişməsi, gözün içində səpkilər, şişkin göz qapaqları, gözdə qızartı, qaşıntı, yanma hissi, dodaqların şişməsi, bədənin hər hansı bir yerində şiddətli, qızarıq səpkilər daxildir. Allergiya simptomları dərhal baş verə və ya ortaya çıxması 48 saat çəkə, yüngüldən ciddiyə dəyişə bilər. Qıcıqlanan nahiyə dərhal isti su, yumşaq sabun və ya şampun ilə yaxşıca yuyulmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər