Qondarma rejimin sabiq “müdafiə naziri” Samvel Babayan ötən gün bəyan edib ki, o, “prezident” Samvel Şahramanyanın “fərman”ının ləğvinə qarşı mübarizəyə başlayacaq.
Tacxeber.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri əlavə edib ki, onun bu ifadələrindən sonra dünən barəsində Ermənistanın Cinayət Məcəlləsinin 550-ci – “Hərbi qulluqçuların səhlənkarlığı” maddəsi ilə cinayət işi başlanıb.
Qəzet iddia edir ki, bununla da Ermənistan hakimiyyəti əlində qılıncla qondarma “Artsax”ın “hərbi-siyasi rəhbərliyi”nin başının üstünü kəsdirib ki, Nikol Paşinyana qarşı aksiyalara başlamaq heç kimin ağlına gəlməsin.
KİV vurğulayıb ki, S. Şahramanyanın sentyabrın 28-də imzaladığı, Qarabağın “dövlət strukturları”nın buraxılması və yanvarın 1-dən tanınmamış “DQR”in mövcudluğunu dayandırması barədə “fərman”ına gəlincə, S. Şahramanyan onu hansı şəraitdə imzaladığını hələ aydınlaşdırmayıb:
“Yalnız o məlumdur ki, bundan əvvəl o, “təhlükəsizlik şurası”nın “iclas”ı çərçivəsində “Artsax”ın “keçmiş prezidentlər”i ilə görüşüb. Mənbələrimiz bildirib ki, S. Şahramanyan bunu imzalamazdan əvvəl “Artsax rəhbərləri” məsələni müzakirə ediblər. Onlar deyiblər ki, imzalanan “fərman”ın heç bir hüquqi qüvvəsi yoxdur, bu, “konstitusiya”ya ziddir. Çünki “Artsax prezidenti” “məhkəmə sistemi”ni ləğv edə bilməz və yalnız “xalq” “referendum” yolu ilə “respublika”nı ləğv edə bilər”.
Qəzet yazır ki, Paşinyan və komandası bundan təbliğat məqsədilə istifadə edir, qondarma “Artsax”ın təslim olmasının günahını S. Şahramanyan və digərlərinin üstünə atır: “İndi “Artsax hökuməti”nin nümayəndələri İrəvandakı “Artsax nümayəndəliyi”nə toplaşanda Paşinyan mümkün hadisələrdən ehtiyat edərək onlara qarşı yeni silahlardan istifadə edir”.
Sözügedən KİV iddia edib ki, Paşinyan İrəvana sığınan “Artsax” liderlərini təqib etdirir. Qəzetin yazdığına görə, Samvel BabayanBakının maraqlarına qarşı çıxdığı üçün Ermənistan hakimiyyəti onu həbs etdirmək istəyir.