• 26 Noyabr 2024 01:52

Qarabağ münaqişəsi bitdimi?

Qarabağ münaqişəsi bitdimi?

“Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik. Separatçıların kitabı bağlandı birdəfəlik!”. Bunu oktyabrın 17-də prezident İlham Əliyev Füzuli şəhərinə köçmüş sakinlərlə görüşdə çıxışı zamanı deyib. Oktyabrın 15-də isə o, Xankəndində dövlət bayrağını qaldırmışdı.

Lakin Ermənistanla hələ də sülh sazişi imzalanmayıb. Azərbaycanda bəzi ekspertlər düşünür ki, belə olan halda, münaqişənin tam bitdiyini demək düz deyil.

Hərçənd deputat Elman Məmmədov da Turana deyib ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tamamilə bitib: “Artıq bizim Qarabağ problemimiz yoxdur. Əks fikirlərin hamısı isə cəfəngiyatdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub”.

Ermənistanla sülh sazişinin imzalanmasına gəlincə, deputat qeyd edib ki, Azərbaycan sülhsevər dövlət kimi bunun imzalanmasının tərəfdarıdır, təkliflərini də verib: “Azərbaycan verdiyi sözünün üstündə durur, Nikol Paşinyan isə gündə bir fikir dəyişir – beynəlxalq görüşlərdə müəyyən bəyanatlar verir, sonra gəlir Yerevanda başqa söz deyir”.

Deputat hesab edir ki, Rusiya ordusunun Qarabağda olması Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına mane olmur: “Artıq ərazilərimizdə separatçılar yoxdur, ərazi bütövlüyümüz təmin olunub, ona görə də bu gün sülhməramlılara ehtiyacımız yoxdur. Sülhməramlılar Azərbaycan ərazisinə “Laçın dəhlizi” adlanan bir yerdə nəqliyyatın, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün gəlmişdilər. Ancaq özlərinə aid olmayan xoşagəlməz işlərlə məşğul olublar. Yaxın vaxtlarda görüşlər olacaq, yəqin ki, onların burada qalıb-qalmaması və yaxud da nə vaxta qədər qalması dəqiqləşəcək. Burada əsas söz sahibi Azərbaycandır”.

Tacxeber.com

Oxşar xəbərlər