• 24 Noyabr 2024 11:25

“Mənim həbsimə əsas səbəb yenə deyirəm ki, sosial şəbəkələrdəki paylaşımlarımdır.”

“Mənim Bəxtiyar Babaşovla hər hansı bir tanışlığım olmayıb, heç vaxt da canlı görməmişdim. Onu Arzu Abdullanın həyat yoldaşı olaraq tanımışam. Bu gün məhkəməsi idi. Hakim onu narkotik vasitəni saxlamaq, əldə etməkdə ittiham edərək 4 il müddətinə azadlıqdan məhrum etdi. Onun “Son sözünü” diqqətinizə çatdırmaq istəyirəm:

“Burada olan jurnalist, hüquq müdafiəçilərinə minnətdaram. Əvvəlcə qeyd etmək istəyirəm ki, həbsim mənim sosial şəbəkələrdəki fəaliyyətimlə bağlıdır. Martın 9-da məni polislər saxladı. Feysbuk profilimi mənə göstərib özümün işlədib-işlətməməyimi soruşdular. Təsdiqləyəndən sonra qarşıma 2 seçim qoydular. Dedilər ki, həbsə getməlisən. Ya vətən xaini olaraq, ya da narkotiklə, özün seç. Təsəvvür edin, məni narkotik satışında ittiham edirlər. Narkotik satanın ən azından telefon danışığı, görüşü olar. Onu ortaya qoysunlar. Məni tutanlar niyə 5-10 dəqiqə gözləmədilər ki, o narkotiki satacağım adamı da tutsunlar. Axı, o da cinayətkar idi. Kimi saxlayacaqdılar? Heç kimi. Mən nə narkotik satmışam, nə də daşımışam.

Mənə fiziki, psixoloji işgəncələr verilib. Təsəvvür edin, əllərim arxadan qandallanmışdı, otura bilmirdim, çiynimdən basıb məni otuzdurdular. Qollarım kəsilirdi. Prokuror 7 il 6 ay həbs cəzası istəyir. Ortaya sübut qoysun. Yoxdur sübut. Mənim həbsimə əsas səbəb yenə deyirəm ki, sosial şəbəkələrdəki paylaşımlarımdır. Xalq üçün ağlayanı bunlar xain kimi tutur. Bu ölkədə çox haqsızlıq, ədalətsizlik olur.”

Hakim: “Babaşov, mahiyyəti üzrə danış

Babaşov: Mahiyyəti üzrə danışıram”

Hakim: “Danışmırsan”

Babaşov: “İmkan verin sözümü deyim. Mahiyyəti üzrə danışıram, çünki mən narkoman deyiləm. Mənə dəfələrlə xəbərdarlıqlar edilmişdi ki, sosial şəbəkələrdə yazmayım. Ölkədə 5000 dindar tutulub. Nə oldu? Narkobaronlar ölkəsidir?”

Hakim müdaxilə edir…

Babaşov: “Sözümü kəsmə. Ədalətli araşdırma istəyirəm. Vəkil vəsatət qaldırır, baxılmır, ədalət istəyirik, baxılmır. Məhkəmə də ədalətsiz olanda xalq dərdini hara desin? Məhkəmə də sifarişli olarsa, vay o ölkənin halına. Hz. Əli kimi quyuya deyək dərdimizi? Ədalət sütunları məhv olur, onda da dərd üstünə dərd gəlir. Hələlik çıxışımı yekunlaşdırıram.”

Bəxtiyarı 2 gün vəkil Zibeydə Sadıqova axtarıb. Tapa bilməyib. Nərimanov Rayon Məhkəməsinin qarşısından təsadüfən keçirmiş. Görüb məhkəməyə xeyli adam gətirilib, Bəxtiyarı soraqlayıb. Bir neçə dəqiqə sonra məhkəməyə çıxarılacaqmış. Dövlət tərəfindən verilən vəkil nə ailəsinə məlumat verib, nə də məhkəməyə gəlib.

Bəxtiyar həbs olunanda hökümət mediası onu “İran casusu” olaraq qələmə vermişdi. Yazırdılar ki, Bəxtiyar narkotik satır, gəlirlərlə isə “Kərimə” dövləti quracaq. Bu gün məhkəmənin qərarı ilə narkotik satışı olan maddə (234.4.3) onun üzərindən götürüldü. İndi bu mediaların rəhbərlərini hansı cəza gözləyir? Aidiyyatı qurumlar bu şəxsləri cəzalandıracaqmı? İnanmıram. Hüquq-mühafizə orqanları isə bildirir ki, ölkədə heç kim dini, siyasi fəaliyyətinə görə həbs olunmur.

Bəxtiyarla məhkəmədə söhbətləşmək imkanım da oldu: “2 gün ac qaldım. Yemək verirdilər, amma yemirdim ki, nəsə qatarlar, qanımdan çıxar. Qorxurdum… Apellyasiya, Ali Məhkəməyə isə inamım yoxdur. İnamım Allahın özünün hakim olacağı məhkəməyədir”.

Ferid Ismayilov

Tacxeber.com

Oxşar xəbərlər