Polis şöbəsi gəncin saxlanıldığını təsdiqləyib, amma ittiham olunduğu maddəni açıqlamayıb.
Oktyabrın 18-də ictimai fəal Möhyəddin Orucov saxlanılıb. Abzas Media-ya bu barədə onun qardaşı Nizami Orucov məlumat verib. O bildirib ki, qardaşı “Facebook” hesabında yazdığı şərhə görə saxlanılıb:
“Polislər telefonuna zəng edib bölməyə çağırıblar, qardaşım da gedib. Vəkili yoxdur, hələlik ittiham oxunmayıb. Ancaq ölkə başçısı İlham Əliyevi tənqid etdiyi üçün saxlanılıb. Məhkəməyə çıxarılacaq. Yəqin ki, sutkalıq həbs olacaq, amma dəqiq bilmirik”, – deyə o, bildirib.
Nizami Orucov qardaşının konkret olaraq hansı şərhə görə saxlanılmasından məlumatsızdır.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsindən Abzas Media-ya M.Orucovun saxlanıldığını təsdiqləyiblər:
“Saat 3-4 arası məhkəməyə çıxarılacaq, ittihamda hansı maddələrin olduğunu bilmirik”, – deyə növbətçi hissədən bildirilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilməyib. (Abzas)