• 24 Noyabr 2024 00:58

Azərbaycanın iki əsas hədəfi var, biri Zəngəzur, digəri… – İsgəndəryan

Azərbaycanın iki əsas hədəfi var, biri Zəngəzur, digəri... - İsgəndəryan

“Zəngəzur dəhlizi necə adlandırmağımızdan asılı olmayaraq olacaq. Yol və ya dəhliz adlandırın, fərq etməz. Bunların hamısı texniki məsələlərdir. Onun reallaşması Azərbaycanın təzyiqindən və istəyindən asılı olacaq”.

Tacxeber.com Ölkə.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib. Onun sözlərinə görə, Ermənistan bunu yol, Azərbaycan isə dəhliz adlandıra bilər:

“Reallıq isə Azərbaycandan asılıdır. Bununla bağlı strategiyası necə olacaq”.

Azərbaycanın hərbi müdaxilə yolu ilə Zəngəzuru ələ keçirməsi və dəhlizi açması məsələsinə gəldikdə isə İsgəndəryan deyib ki, Azərbaycanın təkcə müharibə ilə Ermənistana təzyiq edib dəhlizi açması çox primitiv məsələdir:

“Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı kompleks strategiyası var və ən müxtəlif vasitələrdən istifadə etməklə buna nail olmaq istəyir. Bura diplomatiyadan, xarici güclərdən, iqtisadiyyatdan tutmuş hərbi-psixoloji təzyiqədək bütün vasitələr daxildir. O baxımdan da burada söhbət təkcə birbaşa hərbi müdaxilədən getmir. Yəni Azərbaycanın Ermənistana təzyiq etməsi üçün kifayət qədər imkanları mövcuddur. Bir daha qeyd edirəm ki, hər şey Azərbaycanın atacağı addımdan asılıdır. Bu da hadisələrin inkişafından asılı olacaq. Çünki Azərbaycanın hədəfinə nail olmaq üçün strategiyası bəllidir. Ermənistanın işi isə proseslərin arxasında gedib reaksiya verməkdir”.

İsrail-Fələstin münaqişəsinin bölgəyə təsiri və Azərbaycanın təzyiq vasitəsi kimi, hərbi əməliyyata əl atmasına gəldikdə erməni politoloq deyib ki, baş verənlərin bölgəyə o qədər də təsir edəcəyini düşünmür:

“Amma bir daha təkrar edirəm ki, Azərbaycan üçün hərbi əməliyyatlara başlamaq texniki məsələdir. Hazır vəziyyətdədir və istənilən vaxt başalaya bilər. Burada hər hansı problem yoxdur. Burada siyasi məqamlar var. Qarabağdan fərqli olaraq Ermənistan ən azından rəsmi tanınan müstəqil dövlətdir. Məsələ bundadır. Amma bu da keçilən məsələdir. Dünyada o qədər belə faktlar var ki… Yəni bu Azərbaycanın istəyindən və yaranmış vəziyyətdən asılı olacaq. Lakin Azərbaycan hərbi gücdən təzyiq vasitəsi kimi istifadə edəcəyi istisna deyil”.

Sülh müqaviləsinə gəldikdə politoloq deyib ki, bu gün Azərbaycanın qarşısında əsas iki hədəf var, bunlardan biri sülh sazişi, ikincisi isə Zəngəzur dəhlizidir:

“Sülh sazişi Bakının şərtlərinə uyğun olarsa, imzalanacaq. Çünki Bakının bu məsələdə İrəvana güzəştə getmək niyyəti və bunun üçün də elə bir əsası da yoxdur. Heç Ermənistan daxilində ona müqavimət göstərə biləcək qüvvə də yoxdur. Bundan əlavə olaraq Ermənistandan fərqli olaraq Azərbaycan müxtəlif platformalardan istifadə etməklə məqsədinə nail olmaq imkanlarına malikdir. Azərbaycan məqsədinə nail olmaq üçün hansısa güclər və yaxud Şərqlə Qərb arasında seçim etmir. Azərbaycan öz maraqlarını təmin etmək üçün imkanları daxilində Avropadakı, ABŞ-dəki aktorlarla, həmçinin Türkiyə, Rusiya və sairləri ilə işləyib hədəfinə nail olmaq istəyir. Kiminləsə əbədi seçim etməyən Azərbaycan hamı ilə işləməyə üstünlük verir. Bu da onun avantajıdır”.

İsgəndəryan son olaraq onu da qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyədən daha çox, Rusiya üçün həyati əhəmiyyət kəsb edir:

“Rusiyanın bu gün Avropaya çıxışı yalnız Cənubi Qafqaz vasitəsi ilə mümkündür. Cənubi Qafqaz demək, Azərbaycan deməkdir. Ona görə də Ermənistanın manevr imkanları məhduddur. Azərbaycan da yaranmış situasiyadan öz maraqları üçün faydalanır”.

Tacxeber.com

Oxşar xəbərlər