• 25 Noyabr 2024 12:54

Tatarıstan rəhbəri 15 yaşlı Adam Kadırova orden təqdim etdi.

Tatarıstan rəhbəri Rüstəm Minnixanov Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adamı “Dostluq” ordeni ilə təltif edib.

Bu barədə Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov məlumat yayıb.

Onun sözlərinə görə, 15 yaşlı Adam Kadırov millətlərarası və konfessiyalararası sülh və harmoniyanın möhkəmlənməsinə verdiyi mühüm töhfəyə görə təltif edilib. Delimxanov qeyd edib ki, Minnixanov mükafatı Kadırovun oğluna şəxsən təqdim edib.

Qeyd edək ki, “Dostluq” ordeni Tatarıstanda 2015-ci ildə təsdiq edilib. Orden Rusiya və digər ölkələrin vətəndaşlarına Tatarıstan Respublikasının dövlətçiliyinin inkişafında, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində, iqtisadiyyatın, mədəniyyətin, incəsənətin və idmanın inkişafında xüsusi xidmətlərinə görə verilir.

Xatırladaq ki, bu ilin mayında Quranın yandırılması işi üzrə həbs edilən Nikita Juraveli istintaq təcridxanasında Adam Kadırov tərəfindən döyüldüyünü bildirib. Sentyabrın ikinci yarısında Çeçenistan rəhbəri Ramzan Kadırov oğlunun Juraveli döyməsinin videosunu yayıb. Videoya verdiyi şərhdə respublika rəhbəri oğlunun hərəkətindən qürur duyduğunu bildirib. Oktyabr ayının əvvəlində isə Adam Kadırov Çeçenistan Respublikası Qəhrəmanı adına layiq görülüb.

Ötən həftə Tatarıstan Dövlət Şurasının iclasında “Vahid Rusiya”nın deputatı Azat Xamaev Adam Kadırovun Nikita Juravelin döyülməsinə toxunub:

“Özümə verdiyim ilk sual: biz hansı hüquqi sahədə yaşayırıq? Rusiya Federasiyasının subyektinin rəhbəri oğluna insan döydüyünə görə qəhrəman adı verir. Fikrini daha da inkişaf etdirərək deyir ki, o, bütün müsəlmanların qəhrəmanıdır. Kim cavab verə bilər?”. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər