24 oktyabr 1929-cu il, “qara cümə axşamı”: ABŞ fond birjasında çöküşlə Böyük depressiya deyilən Dünya iqtisadi böhranı başlayır.
“Nərildəyən” 1920-ci illərdə ABŞ iqtisadiyyatında sürətli böyümə müşahidə olunurdu. Bundan dolayı qiymətli kağızların da qiyməti artırdı. Bir müddət sonra bu artım real iqtisadi göstəricilərə görə deyil, əhalinin alış tələbatına görə artmağa başladı. Yəni qiymətli kağızlar ona görə bahalaşırdı ki, almaq istəyən çox idi. İnsanlar aksiya alır, sonra onları banklarda girov qoyub kredit götürür və yenə aksiya alırdılar. Nəticədə iqtisadi köpük deyilən fenomen formalaşır. Bunun isə bir həddi olmalı idi.
1929-cu il sentyabrın 3-də Dou Cons sənaye indeksi 381,17 bəndə çatandan sonra enməyə başladı. Oktyabrın 24-ə qədər 20% azalaraq 305,85-ə düşdü.
Özü də bir gün əvvəl eniş daha da sürətlənərək 4,6% olmuşdu. İndi xeyli adam ucuzlaşan kağızlardan qurtulmaq üçün birjanın açılmasını gözləyirdilər.
Həmin gün birjada 12,9 milyon qiymətli kağız satıldı. Təklifin tələbi üstələməsi nəticəsində Dou Cons indeksi 11% çökdü. Oktyabrın 28-də, “qara bazar ertəsi” indeks daha 12,82% düşdü. Ertəsi gün düşüş 11,73% oldu. İki gün ərzində indeks 68,9 bal və ya 23,05% itirdi.
Təlaş bəzi kağızları o qədər ucuzlaşdırdı ki, onlar hər hansı qiymətə almaq istəyən yox idi.
Proses qiymətli kağızları girov kimi qəbul edən bankların müflis olması ilə davam etdi. Müəssisələr bağılandı, işsizlik artdı. Sonda isə Dünya iqtisadi böhranı yaşandı.
Bu iqtisadi böhran dünyanın bir çox ölkələrinə xüsusilə ağır zərbə vurdu. Amma əsas fəlakət onda idi ki, məhz onun sayəsində Almaniyada nasistlər hakimiyyətə gəldilər. Bunun da dünyaya hansı faciələr yaşatdığı məlumdur.