“Sosial şəbəkələrdə adi tənqidlərə görə insanlar ya cinayət məsuliyyətinə cəlb olunur…”
Son 1 ayda Azərbaycanda ictimai fəallara, müxalifətçilərə basqıların, inzibati həbslərin sayının artdığı ilə bağlı şikayətlər var.
Xüsusilə Qarabağda sentyabrın 19-20-də gerçəkləşən qısa hərbi əməliyyatlardan sonra Bakıda da insan haqlarının pozuntularının artdığı deyilir.
Bir neçə ictimai, siyasi fəallar cinayət və inzibati xəta ittihamı ilə həbs olunub. Onların yaxınları və hüquq-müdafiəçiləri isə hesab edirlər ki, həmin şəxslər yazdıqları tənqidli fikirlərə, fəaliyyətlərinə görə təqib olunur.
Oktyabrın 24-də isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mehman Həbibovun xəsarət izlərini əks etdirən şəkili yayılıb.
M.Həbibov özü deyir ki, oktyabrın 11-də mülki geyimli şəxslər onu döyüblər: “3 nəfər mülki geyimli şəxs məni Qızıldaş ərazisində saxladılar, qara rəngli avtomobilə mindirdilər. Məni bir qədər qırağa apardılar, elə həmin qəsəbədə maşından düşürtdülər və ağır təhqir edərək döyməyə başladılar. Onlar məni döyüb deyirdilər ki, “çəkil qırağa. Hakimiyyətə gəlmək istəyirsiz? Biz buna imkan vermərik. Hakimiyyəti görməyəcəksiz”. Döyəndən sonra məni buraxdılar”.
M.Həbibov iddia edir ki, polisdə şikayətinə baxılmayıb və o bir müddətlik ölkəni tərk edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə “Turan”a bildirib ki, müxtəlif cinayət, inzibati tərkibi yaradan əməllərə görə ayrı-ayrı şəxslər həbs edilir, barələrində hansısa formada qətimkan tədbirləri seçilir: “Ayrı-ayrı şəxslər, hüquq müdafiəçilər onları siyasi fəal kimi, hansısa partiya üzvü kimi təqdim edirlər. Yəni xüsusi bir status kimi, iddia şəklində ortaya qoyurlar ki, onlar barəsində siyasi baxışlarına, düşüncəsinə görə hansısa qətimkan tədbiri seçildi. Əlbəttə, bunlar köklü olaraq yanlışdı, manipulyativ məqsəd daşıyır”.
Nazirliyin rəsmisi qeyd edib ki, həmin şəxslərin saxlanılması, barələrində hansısa qətimkan tədbirlərin seçilməsi onların siyasi dünyagörüşü ilə bağlı deyil: “Hər bir əmələ qanunla müvafiq qaydada qiymət verilir. Bütün hallarda həmin şəxslərin hansı məsələ ilə bağlı saxlanılmasına baxsanız görəcəksiniz ki, hamısında ictimai qayda pozuntusu və yaxud da cinayət tərkibi yaradan əməllər var”.
E.Hacıyev vurğulayıb ki, həbs olunmuş şəxsləri hansısa məsələ narahat edirsə, onların müvafiq qaydada istintaqa, aidiyyəti qurumlarına həmin işin gedişatı ilə bağlı müraciət etmək hüquqları var.
Onun sözlərinə görə, hər bir halda bu məsələlərlə bağlı ayrı-ayrı hüquq müdafiəçilərin manipulyativ iddiaları əsassızdır: “Xüsusilə sosial şəbəkələrdə son günlərdə özünü partiya fəalı kimi təqdim edən Mehman Həbibovun mülki geyimli polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı yayılan iddialar yalandır, həqiqəti əks etdirmir.”
E.Hacıyev deyib ki, o polis orqanına gətirilməyib, onunla bağlı heç bir icra tədbiri olmayıb: “Onun şəxsi münasibətlər zəminində kimlərləsə mübahisə etməsi, münaqişə vəziyyətinin yaratması, qarşı tərəfin ona təzyiq göstərməsi ilə bağlı müraciəti olub. Lakin o bundan sonra polis orqanına gəlib izahat verməkdən imtina edib və bir müddət sonra ölkəni tərk edərək öz şəxsi işləri ilə bağlı ərəb ölkələrin birinə gedir. Hazırda araşdırma aparılır”.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov da Turana bildirib ki, kiminsə siyasi baxışlarına görə təqib olunması ilə bağlı iddialarda həqiqət payı yoxdur: “Azərbaycan dövləti, ordumuz tarixi zəfərə imza atıb, torpaqlarımızın suverenliyi tam bərpa edilib, artıq biz Qarabağın tam sahibiyik. Bu həm də Azərbaycanın nüfuzunu beynəlxalq aləmdə daha da yüksəlməsinə xidmət göstərib. Belə olan vəziyyətdə Azərbaycanda müxalif siyasi dairələrində natamamlıq kompleksi yaranıb”.
Onun sözlərinə görə, heç bir dəfə də olsun rast gəlmək mümkün deyil ki, “radikal müxalifətin” liderləri, nümayəndələri bu baş verən tarixi əhəmiyyətli hadisələrlə bağlı obyektiv mövqe ortaya qoysunlar: “Demirlər ki, bu tarixi zəfərin əldə edilməsində Azərbaycan ordusu müstəsna rol oynayıb, Ali baş komandamızın yüksək fədakarlığı var. Siyasi qısqanclıq onları içindən boğur, xalq da onları dəstəkləmir. Belə olan vəziyyətdə yenə şər, böhtan kampaniyasına start veriblər, başlayıblar dezinformasiya yaymağa ki, guya Azərbaycanda həbs dalğası genişlənib, siyasi fəallara qarşı təzyiq var. Bunların hamısı yalandır”.
Komitə üzvünün sözlərinə görə, Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib olunmur və mövqeyinə görə həbs edilmir: “Kim ki cinayət yolunu seçib, qanun qarşısında cavab verir”.
Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçi Rüfət Səfərov isə AzadlıqRadiosuna bildirib ki, son dövrlər ərzində hakimiyyətin “repressiya siyasətində məsul dairələri” sosial şəbəkələrdə “monitorinq” həyata keçirməyə başlayıblar.
“Xüsusilə də Qarabağda anti-terror tədbirləri zəminində əldə olunan hərbi nailiyyətlər, xarici siyasətdə müəyyən uğurları fonunda Azərbaycan hakimiyyəti bu gün insan hüquq və azadlıqların pozulması baxımından özünü daha da arxayın aparır”.
Ekspertin sözlərinə görə, Azərbaycan hakimiyyətinin uzun illər ərzində apardığı zorakı siyasət cəmiyyətin müqavimət hissini tamamilə ram edib: “Amma bununla belə repressiya siyasəti davam etməkdədir. Məsələ bundadır ki, Azərbaycan hakimiyyətinin bütövlükdə mövcud idarəetmənin qolları bu 30 il ərzində mandatını heç vaxt xalqdan götürməyib. Ona görə də baxmayaraq ki, müəyyən hərbi nailiyyətlər var, amma yenə də cəmiyyətlə hakimiyyət arasında qarşılıqlı etimad yoxdur”.
Hüquq müdafiəçinin fikrincə, buna səbəblər kifayət qədərdir: “Sosial-iqtisadı problemlər mövcuddur və təməl insan haqları pozulur. Ona görə də hakimiyyət düşünür ki, bu repressiya siyasətini davamlı olaraq həyata keçirsin. Bu gün də sosial şəbəkələrdə adi rəylərə, adi tənqidlərə görə insanlar ya cinayət məsuliyyətinə cəlb olunur, ən yaxşı halda isə inzibati xəta ilə tutulur. Bu da kifayət etmir, işgəncə halları da var. Son tədbirlər göstərir ki, polis bölmələrində insanlar çox ağır işgəncələrə məruz qalır”.
R.Səfərov düşünür ki, xüsusilə dövlət başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri barəsində tənqidli rəyləri yazan sosial şəbəkə istifadəçiləri və ya fəallar rahat şəkildə təcrid olunurlar. (Turan)