• 23 Noyabr 2024 01:57

Deputat FHN nazirini müdafiə etdi. “Ola bilsin, FHN əməkdaşlarının bir-birilərinə məhəbbətləri olub, burada Kəmaləddin Heydərov məsuliyyət daşımır”

“Kəmaləddin Heydərov bu məsələdə heç bir məsuliyyət daşımır. Çünki insanların şəxsi həyatı, şəxsi münasibətləri var. Bu münasibətlər harada olduğundan asılı olmayaraq qurula bilər. Buna nazir cavabdeh deyil. Heydərov buna görə həmin əməkdaşlar barəsində tədbir görə bilər. Nazir bu qədər işçinin hərəkətlərinə axı nəzarət edə bilməz”.

Bu sözləri Milli Məclisin deputatı Tahir Rzayev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının görüntüləri barədə danışarkən deyib.

Deputat bildirib ki, həmin görüntülərin yayılması əxlaq normalarımıza həddindən artıq ziddir: “Ola bilsin, bir-birilərinə istəkləri, məhəbbətləri var. Eybəcər görüntülərdir… Son vaxtlar bu cür videolar çox yayılır. Bəzən montaj edirlər, quraşdırırlar. Kiminsə nüfuzuna xələl gətirmək, alçaltmaq, ləkələmək üçün, ya da maddi nəsə umduqları üçün belə videoları yayırlar. Düzgün deyil, yolverilməzdir. Lakin hər kəs də hərəkətlərinin səddini bilməlidir. Bilməlidir ki, harda hansı hərəkəti edir, kiminlə görüşür. Doğrudan da, FHN polkovniki belə təəssüf doğuran hərəkətlərə yol verirsə, onun haqqında lazımi ölçü götürülməlidir. Kabinetində iş yoldaşı, ya hansısa tanışı ilə belə hərəkətlər sərgiləməsi qəbuledilməzdir. Bu, ətrafdakıların tərbiyəsini korlaya bilər. Vəzifədə olan adam birinci növbədə öz tərbiyəsi ilə nümunə olmalıdır”.

T.Rzayev sözügedən görüntülərə görə nazir Kəmaləddin Heydərovun istefasının tələb edilməsinə də münasibət bildirib: “Hansısa nazirdən və ya rəhbər şəxsdən əməkdaşlarının belə hərəkətlərinə görə istefa verməsini tələb etmək, onun haqqında şayiələr yaymaq qanunla da, əxlaq baxımından da düzgün deyil. Nazir həmin vaxt bəlkə öz kabinetində olmayıb, hansısa ölkədə ezamiyyətdə olub. Nə xəbər tutsun ki, onun çoxsaylı işçisi burada hansı hərəkətlərə yol verir? Axı buna nəzarət edə bilməz. İşçinin vicdanı öz üzərində olmalıdır. Bəzən insanlar cəmiyyət içində bir-birilərini qucaqlayırlar, görüşür, öpüşürlər. Bir də görürsən ki, bunu videoya çəkirlər. Ay qardaş, adam öz balası ilə də öpüşür. Oğlan qızla, dost-dostla, kişi-kişi ilə də görüşəndə öpüşür. Nə olar? Səmimiyyətdən irəli gələn şeylər var. Bunu elə kobud şəkildə reklam edirlər ki, adam dəhşətə gəlir. Elə çıxır, onda heç kim bir-birinə salam verməsin, yanaşmasın, əl tutmasın, oturub bir stəkan çay içməsin? Bu, yaxşı hal deyil, cəmiyyəti manqurtlaşdırır, saxtalaşdırırlar. Bəzən telefon danışıqlarını da yayırlar. Kimsə tanış xanıma deyir ki, “əzizim, necəsən?” Nə olar deyəndə? Kişi bəs nə desin? Axı “əzizim” yaxşı sözdür. Yaxşı, “gözəl xanım, necəsən?” desin. Elə ifadələr var, insanı ruhlandırır, mənalandırır. Xoş sözləri demək lazımdır. Deyirlər ki, sən niyə belə səmimi danışdın, görəsən, ortada nə var? Yaramaz ünsürlər elə fikir formalaşdırırlar ki, şantaj olunmasın deyə adam öz əzizi, qohumu ilə küçədə görüşmək istəmir. Belə şeylər bağışlanılmazdır”.

Deputat bildirib ki, belə görüntüləri yayanların məqsədi naziri hədəf almaqdırsa, Kəmaləddin Heydərovu hamı tanıyır: “Onun fəaliyyətini də, tutduğu mövqeyi də bilirlər. Nazir haqqında sözü cənab Prezident deyir. Çünki Prezident inandığı adamları işlədir. Rüşvətxorluğa, saxtakarlığa yol verənlərlə bağlı ciddi tədbir görür, həbs edilənlər də olur. Cənab Prezident hamını yaxşı tanıyır. Sözsüz ki, belə görüntüləri yaymaqda kiminsə marağı var. Ola bilsin, FHN polkovnikindən kimsə inciyib, ya nəsə umub, istəyib, o isə verməyib. Belə görüntüləri çəkib, sonra pul tələb edirlər. Ailəsində nifaq yaratmaq, hörmətdən salmaq istəyirlər. Bu görüntüləri yayan şəxsləri axtarıb tapmaq lazımdır. Onlar barəsində də ciddi tədbir görülməlidir. Belə şey hər birimizin nüfuzuna ziyan gətirir”.

Tacxeber.az

Oxşar xəbərlər