• 25 Noyabr 2024 05:44

Rusiya və Azərbaycanın gündəmi – adam xəcalət çəkir

Söhbət əlbəttə ki, medianın gündəmə daşıdığı, “ictimai müzakirəyə” təqdim etdiyi mövzudan və bunun cəmiyyətdə doğurduğu reaksiyadan gedir.

Ötən gün Solovyovun Qordona canlı efirində çağırış etməsi və sözün hər mənasında “dueli” rus sosial şəbəkələrinin paylaşdığı, müzakirə etdiyi əsas mövzudur: mübahisələr, yanaşmalar, sosial şəbəkədə kəsilib paylaşılan kiçik kadrlar bunun üzərindədir.

Eyni populyarlıqda Azərbaycan sosial şəbəkələrinə təqdim edilən bugünkü mövzu isə ərin arvadına 3 min manatlıq telefon almadığı halda boşanmaq haqqını “özündə saxlaması” “duelidir”. Görün, siyasi debatlarda istifadə edilən “cavab haqqını özündə saxlamaq” kimi diplomatik hücum ifadəsini biz harda istismar edirik!

Erməni mediası və sosial şəbəkələrində müzakirə Bakıda qatil-terrorçuların məhkəməsinin “qanunsuzluğu” və yaxud məhkəmədə baş verən proseslərin təhrif edilərək, ingilis dilində yayılmasıdır – bizdə isə Baləlinin maşınının nömrəsi.

Bütün sahələrdə belədir: hətta Rusiya və Ermənistanın “komedi-klub”ları ilə müqayisə də… – “müqayisə” sözü belə burda uğursuzdur, çünki müqayisə ediləsi deyil!

Siyasi mövzulara həsr olunan verilişlərimiz var – ancaq heç biri sosial şəbəkələrin dilinə düşmür. Səbəbi oxucu-tamaşaçının üstünə atmayın, Allah eşqinə!

Səbəb özümüzük: siyasi tok-şouları bacarmırıq, qızğın fikir toqquşmaları üçün tərəfmüqabilləri doğru seçmirik və yaxud kimlərlə hansı mövzunu müzakirə etməyin həssaslığını müəyyənləşdirə bilmirik; yaxud da siyasi tok-şoulara dəvət edilən qonaqları siyasi şablon-monoloqlarımızı dinləməyə məcbur edilən passiv dinləyiciyə çeviririk.

Halbuki Qarabağ probleminin tam və birdəfəlik həlli ilə Azərbaycan sərhədlərini aşıb, regionun əsas gücüdür, bütün region ölkələrinin ictimaiyyətinin və regionda marağı olanların gözü ağzımızdadır.

Biz nə vaxta qədər ictimaiyyəti kub-yarım iynə ilə xərəyə uzatdığımız “zavallının iztirablarına” göz yaşı tökməyə vadar edəcəyik; nə vaxta qədər sosial şəbəkələrə ər-arvad qeybətlərinin müzakirəsini təqdim edəcəyik?

Cəmiyyətin də, ictimaiyyətin də düşüncəsi tamam, sizin təsəvvür etdiyinizdən qat-qat yüksək və millidir, stratejidir; Azərbaycan oxucusunun geniş düşüncəsi, milli mövzulara həssaslığını müqayisə edəcək başqa xalq tapmaq üçün mütləq saatlarla axtarış aparmaq lazım gəlir.

Görəsən, nə vaxt oxucu-tamaşaçımızın səviyyəsinə qalxacağıq?  (Axar)

Tacxeber.com

Oxşar xəbərlər