Kazbek Tuayev, Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Əsgər Abdullayev, Karlos Alberto Torres, Şahin Diniyev, Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Qurban Qurbanov, Canni De Byazi… Və başqaları. Mətbuat və azarkeşlər Azərbaycan milli komandasının bütün məğlubiyyətlərinin günahlarını zaman-zaman onların – baş məşqçilərin boyunlarına yükləyib. Haqlı olduqları vaxtlar da olub, haqsız davrandıqları vaxtlar da.
Hə, bir də, söhbətin içində “peraşki” də olub. Xüsusən də, ötən əsrin 90-cı illərində Azərbaycan millisinin məğlubiyyətlərinin qeyd-şərtsiz bir şəriki var idi: “Peraşki”. “Peraşki” yeyib meydana çıxan futbolçudan nə gözləyəsən?”, “Biz “peraşki” yeyib oynayırdıq, indikilər…” – Azərbaycan futboluna könül verən hər kəs, hə, yəqin ki, hər kəs zaman-zaman bu cümlələri eşidib, oxuyub.
Bu “peraşki”də nə güc, nə hikmət varsa, hələ də Azərbaycan millisinin məğlubiyyətlərinə şərikliyini davam etdirir. İndi bir az daha fərqli formada. Məsələn, sosial şəbəkədə ölkənin əsas komandasının Avstriyaya son məğlubiyyətindən təsirlənən bəzi azarkeşlər, futbol aşiqləri “əvvəllər millinin futbolçuları “peraşki” yeyib oyunlara çıxırdılar, indikilər normal qidalanırlar, amma ortada yenə nəticə yoxdur” kimi fikirlər səsləndirirlər. İnsafən, o qədər də məntiqsiz yanaşma deyil. Amma…
Amma “menyu”nu, qida rasionunu dəyişməklə uğur qazanmağa zəmanət olsaydı, yer üzündə uğursuzluğa düçar olan çox az insan olardı. Təfəkkür dəyişməlidir, təfəkkür. “Futbola baxışlar dəyişməlidir” demirəm, təfəkkür dəyişməlidir. Bütün xalqın – böyükdən kiçiyə, hər kəsin təfəkkürü dəyişməlidir. Təfəkkür dəyişməlidir ki, bizim çox hörmətli jurnalist həmkarlarımız, dostlarımız milli komandanın hər oyunundan sonra oturub “Əşşi, Canni De Byazi məşqçi deyil, komandanı düzgün oynatmır, düzgün taktika seçmir” kimi özlərinin populist ehtiraslarına xidmət edən yanaşmadan əl çəkib, daha doğru-düzgün yanaşma sərgiləyə bilsinlər.
De Byazi yaxşı məşqçi deyil? Ola da bilər, olmaya da bilər. Bu, hər kəsin baxış bucağına bağlıdır. Baxmayaraq ki, Albaniya kimi yüksək potensialı olmayan milli komandanı Avropa çempionatının final mərhələsinə çıxarıb. Əslində, mənə görə, De Byazi pis məşqçi yox, özünə hörmət etməyən məşqçidir. Özünə hörmət edən məşqçi işləmək üçün dəvət aldığı yığma komandanın əvvəlki oyunlarının videoyazılarını izlər, başını qaldırıb FİFA reytinqindəki mövqeyinə baxar, futbolçuların çıxış etdikləri milli çempionatlardakı göstəriciləri ilə maraqlanar. De Byazi bunları görərək, bilərək AFFA-dan aldığı təklifi qəbul edibsə, özünə hörməti olmayan məşqçidir, yalnız pulu düşünüb.
De Byazi gedəcək, yerinə Əhməd, Məmməd, İvan, Xose gələcək, fərqi yoxdur. Baş məşqçini dəyişməyə nə var ki? Əsas olan təfəkkürü dəyişməkdir. Məsələn, elə bundan başlaya bilərik ki, əsas milli komandanın və bütün yaş qrupları üzrə yığmaların geridə qalan illər ərzində biabırçı, rüsvayçı, üz qızardan, papağı yerə soxan məğlubiyyətlərinə cavabdeh olan, məsuliyyət daşıyan qurumun – AFFA-nın prezidenti Rövnəq Abdullayev niyə 15 ildir Azərbaycan futbolunun təpəsində oturub?
Rəşad Ergün