• 23 Noyabr 2024 01:21

“Texniki universitetində ayaqyolu təmizləyirdim, dilənçilik etmirdim”- Əliağa Vahidin qızı-FOTO

“İşsizliyimlə bağlı məsələ hələ də problem olaraq qalıb. Bir müddət əvvəl bu xəbər sosial şəbəkələrdə paylaşıldı. Bir çox insan yazmışdı ki, o boyda şairin qızı işsizdir. Bəziləri isə rişxənd etdilər ki, hamı pensiya ilə dolanır da. Mən dilənçi deyiləm. Heç kimə demirəm ki, gətir mənə artıq pul ver. Axundov adına Milli Kitabxanada çalışırdım. 65 yaşımdan pensiyaya çıxarıb evdə oturtdular. 10 il qabyuyan işləmişəm. Metropolitendə də işləmişəm. Orada-burada işləməklə 42 il staj qazandım. Poltexn universitetində ayaqyolu təmizləyirdim, sonra etiraz etdim. Elə əziyyətlərlə övladlarımı saxlamışam”

Bunu Moderator.az-a açıqlamasında qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa Vahidqızı deyib. O daha sonra əlavə edib.

“Balaca qızım bəzən məni danlayır ki, neynirsən işi? Yaş keçir, nə işləyəcəksən?! Süpürgəçilik daha əlimdən gəlməz, o vaxt cavan idim. Millət vəkili Rafael Hüseynovun nömrəsini mənə verdilər. Bir neçə dəfə zəng etdim ki, ondan özüm üçün bir iş xahiş edim, amma telefonumu açmır. Atamın əşyaları onun rəhbərlik etdiyi Nizami muzeyində qorunur. Çox istərdim ki, orada məni bir işlə təmin etsin. Ən azından muzeydəki eksponatlara nəzarət edərdim. Hər dəqiqə də zəng etmək istəmirəm, çürükçü adam deyiləm. Rafael Hüseynov efirdə Füzulidən, Nizamidən, Nəsimidən danışır, amma bir dəfə də olsun Əliağa Vahiddən danışmayıb. Əliağa Vahid də balaca adam olmayıb axı” deyə müsahibimiz bildirib.

Firəngiz xanım qardaşının ona hər zaman yalan danışdığını bildirib.

“Qardaşım dünyasını dəyişəndən ailəsi elə də ürəkaçan vəziyyətdə deyil. Atamın şeirlərindən uşaq olarkən qonorar alırdıq. 40 manat mən alırdım, 40 manat da qardaşım. Üst-üstə gələndə 80 manat olurdu. Qardaşım o pulla universitet, mən isə texnikom oxudum. Kitab çıxanda, satılanda da bizə pul gəlirdi. Qardaşım gedib gizlin Masazırda özünə torpaq sahəsi almışdı. Gizlədib ki, hər şey qoy ona qalsın. Neçə illər məndən gizlin Prezident təqaüdü alıb. Mən guya bilib onun əlindən alacaqdım ki?” deyə Əliağa Vahidin qızı deyib.

Tacxeber.com

Oxşar xəbərlər