Utrext Universitetinin Hollandiyalı tədqiqatçıları təxminən 5 min kilometr enində və 155 milyon ildən çox yaşı olan Arqolandın kəşf edildiyini açıqladılar.
Tədqiqat “Gondwana Research” elmi jurnalında dərc olunub.
Alimlər müəyyən edib ki, Arqolandın bəzi hissələri Hind okeanı boyunca səpələnib, bəziləri isə Cənub-Şərqi Asiyada bitib.
Arqolandın Avstraliyadan yura dövrünün sonunda braxiozavrların və steqozavrların Yer kürəsini gəzdiyi zaman ayrıldığı güman edilir. Min illər ərzində o, tədricən yoxa çıxmadan əvvəl Cənub-Şərqi Asiyaya doğru sürüklənib. Qitənin varlığını arxada qalan Arqo Abyssal düzənliyi sübut edir, lakin son vaxtlara qədər heç kim quru kütləsinin özünü kəşf edə bilməyib.
“Arqolandı tapmaq asan deyildi. Bu araşdırmanı bir araya gətirmək üçün yeddi il sərf etdik”, – tədqiqatın müəlliflərindən biri Eldert Advocaat bildirib.
Alimlər bildiriblər ki, qitənin bəzi hissələri İndoneziya və Myanmanın böyük hissələrinin yaşıl cəngəllikləri altında gizlənib.
Qalıqlardan istifadə edərək geoloqlar Arqolandın yavaş-yavaş məhv edilməsinin xəritəsini diqqətlə çəkə bildilər. Onlar belə nəticəyə gəliblər ki, Trias dövrünün sonunda qitə sonradan okean tərəfindən udulmuş arxipelaqlara bölünüb. (Konkret)