• 20 Sentyabr 2024 21:29

İki il əvvəl prezidentin 7 milyon manat ayırdığı Sabunçu yolları hələ də təmirsizdir.

Sakinlərin şikayətinə icra hakimiyyəti “səlahiyyətimizdə deyil” cavabını verir, AYDA vəsait ayrılmayıb deyir.

“Taksini küçəyə sürdürməyə utanırıq. Qışda təcili yardım, yanğın söndürən maşınlarının gəlməsi üçün də çətinlik yaranır”.

Bu sözləri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsinin sakini Aqil Məhərrəmov deyir. Onun sözlərinə görə, bu küçədə yolların bərbad olması onları gündəlik həyatlarında müxtəlif çətinliklərə salır:

“Abdulla Abdullayev küçəsində vəziyyət təxminın 2012-ci ildən belədir. Əvvəllər pis-yaxşı asfaltımız var idi, sonra ayrı-ayrı vaxtlarda su xətti, kanalizasiya xətti, kommunikasiya xətləri çəkiləndə dəfələrlə qazdılar. Hansı ki, bunlar birdəfəlik olmalıydı. Ondan sonra artıq illərdir ki, palçıq içində yaşayırıq”.

A.Məhərrəmov deyir ki, küçədə təxminən 150 ailə yaşayır, bu da 500-dən çox adamın işə, məktəbə gedəndə narahatlıq yaşaması deməkdir:

“Mənim iki qızım məktəbəqədər hazırlığa gedir. Onlar məktəbə gedəndə əziyyət çəkirlər. Qışda hər tərəf palçıq, gölməçə olur, yayda toz-torpaq.

10 ildir ki, Sabunçu Rayon İcra Hakimiyyəti, “Azərsu” ASC daxil olmaqla neçə dövlət qurumuna dəfələrlə şikayət edilib. Çünki əvvəllər yol çəkilməsinə icra hakimiyyəti nəzarət edirdi. İcra hakimiyyəti deyirdi ki, “Azərsu” su xəttini yeniləməlidir, “Azərsu” da deyirdi ki, hələ planda yoxdur. Nəhayət, sakinlər köhnə su xəttindən imtina etdilər, öz hesablarına yeni çəkilmiş su xəttinə qoşuldular. Elə bu yaxınlarda da “Azərişıq” küçənin işıqlandırmasını təmin etdi. Bir sözlə, küçədə işıq var, amma yol yoxdur. Dəfələrlə öz hesabımıza çınqıl, asfalt örtüyü gətirib tökmüşük. Amma tez sıradan çıxır”, – deyə o, bildirib.

Sabunçu Rayon İcra Hakimiyyətinin kimliyini açıqlamayan məsul şəxsi Abzas Media-ya deyib ki, yolların bərpa olunması onların səlahiyyətində deyil:

“Abdulla Abdullayev küçəsi də daxil olmaqla, yolların çəkilməsi Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətindədir. Biz sakinlərin yolla bağlı müraciətlərini bu quruma yönləndiririk. AYDA da dövlət proqramları çərçivəsində işləri görür. Yəni, bu işlərin görülməsi üçün maliyyə icra hakimiyyətinə ayrılmır”, – deyə o, bildirib.

Avtomobil Yolları Dövlət Agentliyi isə bu yol üçün onlara vəsait ayrılmadığını deyir.

“Sözügedən küçə də investitsiya proqramına daxil edilib, təmir üçün vəsaitin ayrılması gözlənilir, ayrılan kimi işlərə başlanılacaq. Hər il investitsiya proqramlarına uyğun vəsait ayrılır, hələlik bu küçə üçün ayrılmayıb” – deyə qurumun sözçüsü Anar Nəcəfli bildirib.

Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2021-ci ildə Sabunçu rayonunda yolların əsaslı təmir olunması üçün Avtomobil Yolları Dövlət Agentliyinə 7.4 milyon manat vəsait ayrılıb. (Abzas)

Tacxeber.com

Oxşar xəbərlər