• 24 Noyabr 2024 06:30

Bu risk faktorları insult yaradır – Həkim açıqladı

 

Oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günüdür.

“Qafqazinfo” xəbər verir ki, ​mövzu ilə əlaqədar sualları TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-nevroloqu Elçin Rəhimli cavablandırıb.

– Elçin həkim, insult nədir və onun hansı növləri var?

– İnsult beyinə gedən damarlara təsir edən, beyinin bir hissəsində oksigenlə zəngin qan axını olmadıqda meydana gələn, yaşamı təhdid edən bir xəstəlikdir. İnsult zamanı təsirlənmiş beyin toxumaları daha az oksigen alır, bu da hüceyrənin zədələnməsinə və bəzən də ölümünə səbəb olur.

İnsultun 2 növü var. İşemik insult zamanı damarda qan axınının qarşısını alan bir tıxanma meydana gəlir. Tıxanma adətən qan laxtasının və ya hansısa oxşarı bir quruluşun nəticəsidir. Ateroskleroz, hipertoniya, yüksək xolesterin, diabet və siqaret işemik insult ehtimalını artıra bilən risk faktorlarıdır.

Hemorragik insult isə qan damarının sızıntısı və ya partlamasından qaynaqlana bilir. Bu, qan dövranını pozur və kəllədaxili təzyiqi artırır, hüceyrə ölümünə səbəb olur. Hipertoniya və anevrizma hemorragik insult ehtimalını artıra bilən risk faktorlarıdır.

– Xəstəliyin simptomlarına və əlamətlərinə nələr daxildir?

– Xəstəliyin simptomları və əlamətlərinə danışmaqda, başqalarının dediklərini başa düşməkdə çətinlik, üz, qol, ayaqda zəiflik və ya uyuşma, bir və ya hər iki gözdə görmə problemləri, qusma, başgicəllənmə və ya şüurun dəyişməsi ilə müşayiət olunan qəfil, şiddətli baş ağrısı, yerimədə və hərəkətdə çətinlik, büdrəmə və ya müvazinətin itirilməsi və s. aiddir.

– İnsultu yaradan risk faktorları hansılardır?

– Yaşam tərzinə bağlı və tibbə bağlı risk faktorları var. Yaşam tərzinə bağlı risk faktorları hərəkətsizlik, artıq çəki, alkoqoldan və tütündən istifadədir. Tibbə bağlı risk faktorlarına isə yüksək təzyiq, yüksək xolesterin, diabet, kardiovaskulyar xəstəliklər (ürək çatışmazlığı, ürək qüsurları, atriyal fibrilyasiya kimi ritm pozğunluğu) aiddir.

– İnsultdan qorunmaq üçün nələrə diqqət etməliyik?

– İnsultdan qorunmaq üçün insultun risk faktorlarını bilmək, sağlam bir yaşam tərzini mənimsəmək ən yaxşı addımdır. Bir sözlə, arterial hipertenziyaya nəzarət edilməsi, qidalanmada xolesterin və doymuş yağın miqdarının azaldılması, tütün istifadəsini tərgitmək, alkoqol istifadəsini azaltmaq, diabetə nəzarət etmək, sağlam bir kiloya sahib olmaq və qorumaq, hərəkətsizlikdən qaçınmaq lazımdır.

– İnsult xəstələrinə tövsiyələriniz nələrdən ibarətdir?

– İnsult xəstələri təkrarlana biləcək insultdan qorunmalıdır, yaşam tərzində dəyişiklik etməlidir. Onlar siqareti tərgitməli, sağlam çəkiyə sahib olmalı və hərəkətli olmalıdırlar. Eyni zamanda hipertenziya, diabet, hiperxolesterinemiya kimi risk faktorlarını həkim nəzarəti altında müalicə etmək və mütəmadi olaraq lazımi laboratoriya müayinələrini aparmaq lazımdır.

Xəstəxanada yatarkən baş verən fiziki müalicə proqramı xəstə evə getdikdən sonra nizamlı olaraq davam etdirilməlidir. Xəstə inamsızlaşmamalıdır, xəstənin sağalacağına inamı və onun bu müalicədə fəal iştirakı, mənəvi dəstəyi xəstəliyin gedişinə müsbət təsir göstərəcək.

Tacxeber.com

Oxşar xəbərlər