• 24 Noyabr 2024 15:30

Qarabağa qayıtmayan köçkünlərin evləri əllərindən alınacaq? – Deputat açıqladı

Qarabağa qayıtmayan köçkünlərin evləri əllərindən alınacaq? - Deputat açıqladı

Antirterror əməliyyatlarından sonra sonra məcburi köçkünlərin öz doğma yurd-yuvalarına nə vaxt qayıdacağı ən çox müzakirə olunan mövzuya çevrilib. 

Hazırda ən çox sual doğuran məsələlərdən biri də budur: Bakıda evlə təmin olunmuş məcburi köçkünlər öz yurdlarına qayıtmayacaqları təqdirdə dövlət tərəfindən verilmiş mənzillər onların əlindən alınacaqmı?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov doğma yurdlarına qayıtmamışdan əvvəl heç bir məcburi köçkünün əlindən evlərinin alınmayacağını bildirib:

“Biz azad, demokratik hüquqi dövlətdə yaşayırıq. Bu gün Azərbaycan dövlətinin yürütdüyü siyasətinin özək hissəsi vətəndaşlarının sosial rifahının yaxşılaşmasıdır. Əsas məqsəd bundan ibarətdir ki, vətəndaşlarımız yaşam tərzi yaxşı olsun, onların aylıq təqaüdləri, əmək haqları yüksək olsun, yaşayış tərzləri yaxşı səviyyədə olsun. Keçmiş məcburi köçkünlərin qayıdış proqramı çərçivəsində öz ata-baba yurdlarına qayıtması da dövləti siyasətinin əsas istiqamətlərindən biridir. Heç kəs Azərbaycan vətəndaşını məcbur edə bilməz ki, sən hökmən filan yerdə yaşamalısan. Bu gün qanun da imkan verir ki, vətəndaş ürəyi harada istəyirsə, orada yaşasın, buna onun hüququ var. Aydın məsələdir ki, Bakıda ailə qurmuş, iş qurmuş vətəndaşlarımız da var. Onlar işini qoyub gedə bilmir, bunu normal qəbul etmək lazımdır. Əgər həmin şəxslər dövlət tərəfindən evlə təmin olunubsa və burada qalmaq istəyirlərsə, düşünürəm ki, onlar elə burada da yaşayacaq. Heç kim onların evini əlindən almaz”.

Millət vəkilinin sözlərinə görə, həm Bakıda ona verilən evi saxlamaq, həm də Qarabağdan ev əldə etmək istəyən vətəndaşlar bunlardan birini seçməli olacaqlar:

“Vətəndaş həm buradakı evini saxlamaq, həm də məcburi köçkün düşdüyü ərazidən evlə təmin olunmaq istəyirsə, bu mümkün olmayacaq. Dövlət ailəni bir dəfə mənzillə təmin edə bilər. Əgər vətəndaş köçüb getmək istəsə, təbii ki, Qarabağda evlə təmin olunacaq.

Fikrimcə, ailə tərkibindəki dəyişikliklər də nəzərə alınacaq. Məsələn, ailələrdə elə övladlar var ki, artıq onlar 18 yaşı keçiblər, ailə qurublar, nişanlıdırlar, yaxud yaxın zamanlarda toyları olacaq. Onlar artıq ayrı təsərrüfat olub ayrıca ev təsərrüfatı ola bilərlər. Mövcud qanunvericilik imkan verir ki, vətəndaşlarımız hər hansı çətinlik çəkmədən harada istəyirlərsə, orada yaşasınlar. Əgər ailə tərkibində yeni ailələr yaranıbsa, onların ayrılmaq imkanları da var. Qanunlar çərçivəsində bu kimi problemlərin hamısı öz həllini tapacaq”.

Tacxeber.com

Oxşar xəbərlər