“Rusiya Ukraynaya hücumlarını xeyli gücləndirib, 2024-cü il ən ağır sınaq ili olacaq” – “The Times”
Rusiyalılar diqqətin Ukraynadan İsrailə yönəldilməsindən yararlanaraq Ukraynaya bir çox istiqamətlərdən hücum edir.
Dünyanın diqqəti Yaxın Şərqə cəmləşdiyi zaman Rusiya bütün istiqamətlərdən Ukraynaya hücumlarını davam etdirir.
Bu barədə “The Times” nəşri yazıb.
Putinin qoşunları son üç həftə ərzində güclü hücumlar təşkil edib, bəzi yerlərdə nəticələr əldə edib.
Kiyev üçün ağır həftələr davam edir. Ukrayna uğrunda döyüşən sabiq britaniyalı hərbçi Meyser Qifford bu dövrü “qaranlıq və ağır zamanlar dövrü” adlandırıb.
Kiyevin yay hücumuna cavab olaraq Putin təxminən bir ay öncə Rusiya qoşunlarına min kilometrlik cəhbənin bir neçə nöqtələrində lokal əkshücuma başlamağı əmr edib. Kreml qışın gəlişinədək təşəbbüsü ələ almağa ümid edib.
Rusiya Kupyansk istiqamətində Donbasın şimal-şərqində; Donbasın cənub-şərqində, Avdeyevkada; Zaporojyedə, Tokmakdan şimala ukraynalıların cənuba doğru irəliləməsini dayandırmaq məqsədilə bir neçə şiddətli hücum üçün çoxlu sayda şəxsi heyət və texnika cəlb edib.
Ötən həftə Moskva öz raket ehtiyatına nəzər salıb. Görünür, işğalçılar ötən ildə olduğu kimi, Ukraynanın mülki infrastrukturuna hücuma hazırlaşır.
Yeni Baxmut
Rusiyanın oktyabrın 7-də Avdeyevkaya hücumlarını bərpa etməsi xüsusilə diqqəti cəlb edir. Rusiyalılar digər hissələrdən təxminən altı briqada, çoxlu sayda aviasiya və artilleriya cəlb edərək, şəhəri saxlayan Ukraynanın iki briqadasını bombalayaraq onu mühasirəyə almağa cəhd edir. Ukrayna qüvvələri Avdeyevkanı güclü şəkildə müdafiə edən zaman rusiyalıların şəhəri mühasirə almaq cəhdlərini davam etməsinə rəğmən, buna nail ola bilməyib.
“Avdeyevka yeni Baxmuta çevrilir. Bircə istisna odur ki, Baxmutun gerçək strateji əhəmiyyəti olmayıb. Bu, “Vaqner” muzdlularının özləri üçün yaratmaq istədikləri rəmz olub. Lakin Avdeyevka əsl strateji əhəmiyyətə malikdir, bu şəhər Donetsk şəhərinədək həlledici yolda, həmçinin şəhərin şimal ətraflarına olduğu kimi hava limanına yaxın yerləşir”, – nəşr yazır.
Qeyd edilir ki, yol sistemi Avdeyevkanı Donbasın cənub qapısına çevirir. Ukraynalılar onu ötən ildən bəri Rusiyanın təzyiqinə rəğmən əllərində saxlayır. Bu, Kiyevin bu bölgədə qələbəsinə aparan yoldur.
“Əgər onlar indi Avdeyevkanı itirsələr, cənubda blokadaya məruz qalacaq, Donbasdan şimala əldə etdiklərinin əksəriyyəti əhəmiyyətsiz olacaq”, – məqalədə deyilir.
Avdeyevkanın müdafiəsi üçün Ukraynanın 1-ci tank briqadası və Zaporojyedə şiddətli döyüşlərdə iştirak etmiş 47-ci mexanikləşdirilmiş briqadası cəlb edilib. Avdeyevkanın şimal cinahında koks-kimya zavodu və cənub cinahında Opıtnoye kəndindəki qum karyeri uğrunda şiddətli döyüşlər gedir. Bu iki sənaye zonası həqiqətən əhəmiyyətlidir.
Dalan riski
Təəccüblü deyil ki, Kiyev narahatdır. Ukrayna güc strukturlarındakı şayiələrə görə, Baş Komandan Valeri Zalujnı iddia edir ki, Ukraynanın əkshücumu, demək olar ki, başa çatıb. İndi Ukraynanın Müdafiə Qüvvələri əldə etdiklərini qoruyub saxlamalı, növbəti ildə əməliyyatlara hazırlaşmalıdır.
“Lakin prezident Zelenski buna razl olmur və ya bunu etiraf etmək istəmir, çünki Qərbdə belə təəssürat yaranıb ki, onun Ukraynanın sağ qalması uğrunda müharibəsi dalana dirənib.
O, bilir ki, Qərbin dözümü onun Ukraynanın Rusiya tərəfindən 2014-cü ildən zəbt etdiyi ərazilərinin hamısının geri qaytarılması kimi maksimalist tələbləri ilə məhdudlaşıb. Kiyev özünün yay hücumunda daha çox irəliləyiş nümayiş etdirməməsindən dərin narahatlıq keçirir”, – nəşr yazıb.
Nəşr qeyd edir ki, Ukraynada vəziyyət “çıxılmazlıqdan daha yaxşıdır”, çünki Ukrayna Silahlı Qüvvələri bu yaxınlardakı hücumları zamanı Rusiya qüvvələrini böyük itkilərə məruz qoyub.
Oktyabrın 10-dan başlayaraq Rusiyanın Avdeyevkada vizual itkiləri tanklar, döyüş maşınları və dəstək bölmələri daxil olmaqla, 109 vahid texnika təşkil edib. Bu, bir briqadanın texniki təchizatından çoxdur.
Son həftə ərzində Rusiyanın itkiləri azalmayıb, şəxsi heyət arasında sutka ərzində bir neçə yüz nəfər sıradan çıxarılıb. Rusiyalılar hələ də hərbçilərini “top yeminə” çevirən hücumlar edir.
Ukayna həmçinin Zaporojye vilayətində Orexovodan cənuba düşməni böyük itkilərə məruz qoyur, orada Tokmak şəhərinə çıxmaq və sahilə yol açmaqla Rusiya qoşunlarını iki yerə bölməyə cəhd edir. Kiyev, mümkündür ki, hələ də daha çox ön müdafiə xətlərini keçməyi bacaracağı təqdirdə Rusiyanın arxa cəbhədə müdafiəsinin kövrək olacağına ümid edir.
Ukrayna həmçinin arxa cəbhə rayonlarında yüksək dəqiqli raketlər və uzaq mənzilli artilleriyası ilə Rusiya qüvvələrinin məhv edilməsində böyük uğurlar əldə edib. Bu raketlərin tətbiqi elə şərait yaradır ki, Rusiya qoşunlarının işğal edilən ərazilərdə təhlükəsiz yerləşdirilməsini çətinləşdirir.
Krım təhlükə altındadır
Ukraynalılar, heç şübhəsiz, xüsusilə yağışlı hava şaxtalarla əvəz ediləndə mübarizəni davam etdirəcək. Əgər Kiyev Donbasda Rusiyanın təzyiqinin öhdəsindən gələ biləcəksə, o zaman onun bilavasitə strateji hədəfi Krım üzərində atəş nəzarəti yaradılması zonasına düşmək olacaq.
Bu, rusiyalıların Krımdan hərbi baza kimi istifadə etməsini böyük təhlükəyə çevirəcək. Bundan başqa, rusiyalılar yarımadadan qaçacaq, çünki onun ərazisində partlayışlar tez-tez baş verəcək.
“Putin üçün onun qürur və sevinc mənbəyi olan “Novorossiya”nın belə təhlükə altında olması böyük uğursuzluq olardı. Krımı Ukraynanın digər hissəsi ilə birləşdirən iki dar quru yola və Kerç boğazından Rusiya ilə birləşdirən bir həsas körpüyə malik olmaqla Krım ukraynalıların ona xeyli yaxın düşəcəyi halda həssas olacaq”, – məqalədə deyilir.
Öz tərəfindən Rusiya qüvvələri, heç şübhəsiz, müharibənin 20 ayı ərzində taktiki səviyyədə bəzi dərslər alıb. Onlar öz qüvvələrini əvvəlkinə nisbətən daha yaxşı birləşdirəcək. Onlar hava qüvvələrindən daha effektli istifadə edəcək və öz logistikasını daha diqqətlə qoruyacaq.
Lakin operativ səviyyədə Rusiyanın ali komandanlığı onsuz da bölmələrini bir-birinin ardınca ön cəbhəyə göndərəcək. Rusiyanın operativ rezervi yoxdur və döyüşlərə yenicə təlim keçmiş əsgərləri cəlb etməklə onlardan kimlərinsə sağ qalacağına inanır.
Öz itkilərinə cavab olaraq Kreml rusiyalı etnik azlıqlara uniforma geyindirmək və tam hərbi iqtisadiyyata hazırlaşmaq üçün böyük səylər göstərir. Lakin bu iqtisadiyyat yerində sayır.