• 24 Noyabr 2024 17:27

“Oğlan boşananda “narkoman”, qız boşananda “yolunu azmış” olur…”

“Oğlan boşananda “narkoman”, qız boşananda “yolunu azmış” olur...”

Sosial mediaya insanlar dünyada baş verən hadisələri izləmək, həyatında baş verənləri paylaşmaq, başqalarının həyatında baş verənləri izləmək üçün daxil olur. Lakin orada gedən müzakirələr bəzən heç də xoş olmur. 

Hər hansı hadisə ilə bağlı paylaşımın şərhlərinə baxdıqda məsələnin “hərlənib-fırlanıb” qurşaqdan aşağı müzakirələrə yol açdığını görürük. 

Bəs görəsən, bu nə ilə bağlıdır? Cəmiyyət niyə hər mövzunu bu qədər cılızlaşdırır?

Bu travmadır, seksual aclıqdır, yoxsa psixoloji pozuntu?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Aytən Ələkbova bunu insanların yetişdirilmə tərzi ilə əlaqələndirib:

“Bu gün insanların başına hər hansı problem gəlirsə, birinci mənfi şeylər müzakirə olunur. Adicə boşanan şəxs gördükdə ya narkoman, ya da əxlaqsız kimi qələmə verirlər.  Bu təfəkkürdə böyüdüyümüz halda, bizim digər düşüncəyə düşməyimizin alternativ variantları yoxdur. Çünki gözümüzü açandan görmüşük ki, boşananlar haqda məişət zorakılığına, şiddətə məruz qalırdı deyilməyib. Hər zaman “Oğlan narkoman idi”, “Qız yolunu azmışdı”, “Başqa oğlana baxırdı” deyilib. Bu cür böyüyən adamlar başqa cür düşünə bilmirlər. Bu bizim mental xüsusiyyətlərimizi ortaya çıxarır. Mental sözünün mənası psixi pozuntudur. Biz əgər başqası haqda tanımadan pis fikrə düşürüksə, bu birbaşa bizim psixi pozuntumuzun göstəricisidir”.

Onun sözlərinə görə, hər kəs haqqında tanımadan mənfi rəy verən şəxslər psixoloji baxımdan sağlam olmayanlardır:

“O ki, qaldı sosial şəbəkələrdə hər kəs haqda bilib-bilmədən şərh yazanlara, onlar həqiqətən çoxdur. Bir müqaviləni oxumadan altına imza çəkə bilməyənlər başqaları haqda rahatlıqla şərh yaza bilirlər. Düşünürəm ki, hüquqi baxımdan bu məsələyə diqqət yetirilməlidir, yəni şərh yazanlar hüquqi məsuliyyət daşımalıdır. Bu zaman hamı öz yazdığı sözə fikir verəcək.

Qanunda bu haqda hər hansı dəyişikliyin edilməsinə ehtiyac var. İllərlə müəllim işləyən şəxs emosiyalarına hakim ola bilmirsə, hansısa efirdə səs tonunu azca qaldırırsa, dərhal sosial şəbəkələrdə təhqir olunur. Bunlar şüursuz atılan addımlardır. Ağızdan çıxan sözlərə hakim olmaq lazımdır, Dediklərimizi öncə özümüz eşitməliyik.

Hamının haqqında hər şeyi çirkab düşünmək mental pozuntudur. Bunun özü də sayrışan nevrozun bir növüdür – şübhə. Şübhə isə bir mərəzdir, insanı daxilindən yeyir.  Belə insanlar nəyisə oxuyanda avtomatik beyinlərində müxtəlif mülahizələr yürüdürlər. Ailələrdə dava təkcə əxlaq üstə düşmür. Bu cür davaların səbəbi müxtəlif ola bilər”.

Tacxeber.com

Oxşar xəbərlər