Bu telemövsüm başlayar-başlamaz özəl televiziyalarda sanki qırğındı, ölüm-qalım mübarizəsi gedir. Bir-birinin ardınca özəl TV-lərin qalmaqallı veriliş fraqmentləri yayılır, müzakirə edilir, qınanılır. Çünki bu mövsüm tamaşaçılar daha da azalıb, reklam büdcələri kiçilib, kanallar o büdcələri özlərinə tərəf çəkmək üçün daha çox səs-küy salmaq məcburiyyətində qalıblar. Əks halda qazancları daha da azalacaq.
Tacxeber.com xəbər verir ki, bu sözləri məşhur aparıcı, Baku TV-nin departament rəhbəri Turan İbrahimov sosial şəbəkədə yazıb. Kanalların 20 oktyabr tarixinə aid reytinq nəticələrini paylaşan aparıcı qalmaqallı proqramların artmasının səbəbini büdcə ilə izah edib.
“Lap əvvəldə olan Azərbaycanda televiziyaya baxanların nisbətidir, ondan sonra televiziya cihazıyla başqa platformalara baxanların nisbətidir, daha sonra Türkiyə kanallarına baxanların nisbətidir. Nəhayət(!) dördüncü sırada isə yerli TV-lərə baxanların seçimlərinin nisbəti gəlir.
Bəli, açıqca məlum olur ki, artıq TV-yə baxanların nisbəti çox aşağı düşüb. 6-7 il öncə daha böyük rəqəmlər və faizlər olurdu. Ən kədərlisi də odur ki, yerli TV-lərimizə baxanların nisbəti lap aşağı düşüb”, – Turan İbrahimov yekunda bildirib.