• 24 Noyabr 2024 12:34

İlahiyyatçıdan psixoloqa xəbərdarlıq: “Sən gəncliyində zina et, sonra da…”

İlahiyyatçıdan psixoloqa xəbərdarlıq: “Sən gəncliyində zina et, sonra da...”

Psixoloq Samirə Bağırovanın bakirəlik barədə fikirləri müzakirə yaradıb.  

Tacxeber.com Pravda-ya istinadla xəbər verir ki, onunla razılaşmayan ilahiyyatçı Təyyar Hüseynli bildirib:

“Ona bir ilahiyyatçı kimi ciddi xəbərdarlığımı çatdırın. “İnteqrasiya”, “müasirlik” dediyimiz Qərb təfəkkürü ilə Şərq təfəkkürünün müqayisəsini belə məsələlər üzərində aparmaq doğru deyil. Azərbaycan cəmiyyəti illər öncə də, gəlib çıxdığımız dövrdə də dəyişilməzdir. Qeyrət, namus, vicdan, qısqanclıq, təəssübkeşlik, təəssüfkeşlik – bunların hər biri müsbət dəyərlərdən qaynaqlanan xüsusiyyətlərdir”.

T. Hüseynli qeyd edib ki, psixoloqun toxunduğu məsələnin dərin ilahi tərəfləri var: “Psixoloqun fikirləri həm ilahi göstərişə, həm də adət-ənənəyə, Azərbaycansayağı milli ailə modelinə, sağlam gəncliyinə, müsəlman aləminin sərhədlərinə xəyanətdir. Yəni belə çıxır ki, yeniyetməlik, gənclik dövründə zina et, nə istəyirsən, et, axırda da gəl de ki, mən abırlı, həyalı bir xanımam, həyat yoldaşıyam, bir ailənin gəliniyəm, oğul-qız anasıyam, mənim vicdanım, keçmişim çox normaldır”.

Xatırladaq ki, “Künc-bucaq” layihəsinə müsahibəsində S. Bağırova deyib: “Dünya dəyişir, yeni qaydalar gəlir. Elə məktəbdə oxuyanda demişdim ki, zaman gələcək Azərbaycanda bakirə xanıma birtəhər baxacaqlar. Mən o vaxt xarici ölkələrə gedənlərlə danışırdım, onlar deyirdilər ki, orada 20-21 yaşında bakirə olan qıza qəribə baxırlar. Oğlanlar düşünürlər ki, deməli, bu qızın psixoloji problemləri var, buna görə heç kəs ona yaxın getməyib. Müəyyən yaş dövründə tələbatlar var, o tələbatlar ödənməyəndə həm oğlanda, həm qızda problemlər yaranır. Gəlin təsdiq edək ki, artıq elə bir zəmanə gəlib, bu o qədər də önəm daşımır. Bəylər özləri gəlib deyir ki, mənə qadının bakirəliyi yox, sağlam düşüncəsidir lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər