Kəndlər belə azad olunacaq: Antiterror əməliyyatı iki məsələni həll edəcək… – Vacib həmlə
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Asim bəy, Nikol Paşinyan Azərbaycanla sülh sazişi üzrə razılaşmalardan danışıb. Sizcə, tərəflərin razılaşdıra bildiyi məqamlar hansılardır?
– Ermənistanın baş nazirinin bəyanatlarından artıq beynəlxalq ictimaiyyət yorulub. O hər dəfə bir-birini təkzib edən bəyanatlar verir. Paşinyan gah nədənsə narazıdır, gah da sülh sazişini imzalamağa hazır olduğunu deyir. Əgər o, doğrudan da, sülh sazişi imzalamağa hazırdırsa, bunu niyə etmir? O da çox maraqlıdır. Görünən odur ki, yenə sülh istiqamətində oyunlar oynamağa çalışır. Məqsədi sülh müstəvisində addım atmaqdan mümkün qədər yayınmaqdır. Çox güman ki, bu da Ermənistanın daxili gərginliyi ilə bağlıdır.
– Almatı razılaşmasına istinadən sərhədlərin dəqiqləşməsi önə çəkilir. Bu nə dərəcədə məqbul seçimdir?
– Fakt odur ki, Paşinyan nəyi, necə demək istəyir onu anlamaq olmur. O daha çox Ermənistan daxili siyasi proseslərə uyğun bəyanatlar verməklə vəziyyətdən çıxmağa çalışır. Kimsə ondan tələb edir ki, Azərbaycanla daha tez sülh imzalamaq olar. Digər bir qism isə sülhə imza atan kimi Paşinyanı qətlə yetirməklə hədələyir. Ona görə də, Paşinyan bu oyunlara uyğun bəyanatlarla vəziyyəti idarə etməyə çalışır.