• 24 Noyabr 2024 18:43

Separatçılar Azərbaycana gəlmək istəyir – Gizli görüş

Ötən gün İrəvanın “Marriott” otelində toplanan Qarabağdakı keçmiş separatçı dəstənin müzakirəsi və heç bir qərara gələ bilməməsi ilə bağlı bəzi nüanslar üzə çıxıb.

Erməni mediası qapalı görüşdə məqsədin “artsax”ın dövlət qurumlarının saxlanması və “mühacir hökumətin” formalaşdırılması olduğunu yazıb. Əsasən Samvel Şahramanyanın “fərmanı” ilə bağlı məsələlər müzakirə edilib. İddialara görə, Şahramanyandan qondarma separatçı-terrorçu rejimin buraxılması ilə bağlı “fərmanını” ləğv etmək, “rəsmi strukturların” fəaliyyətinin davam etdirilməsi istənilib.

S.Şahramanyan buna razılaşsa da, “hüquqi mexanizm”in tapılması üzərində danışıqlar nəticəsiz başa çatıb. Hüquqşünaslar bildiriblər ki, bu “fərman” qeyri-qanunidir, belə ki, bir şəxs “dövləti” buraxa bilməz.

Variant kimi Samvel Babayanın təklifi üzərində durulub: “konstitusiya məhkəməsinə” göndərmək və “fərmanı” qanunsuz hesab etmək.

Bunun mümkünlüyü ilə “dövlət strukturlarının” fəaliyyəti “bərpa oluna” bilər. Bu zaman isə həmin qurumlarda işləyən şəxslərə ödənişlər edilməlidir. Belə ki, Şahramanyan artıq 1 oktyabrdan “strukturların” buraxıldığını və heç bir ödəniş olmayacağı haqda da “fərman” verib. Əgər “buraxılma” ləğv edilərsə, ödənişlər də bərpa olunmalıdır. Ödəniş üçünsə “mənbə” yoxdur.

Belə ki, Ermənistan hökuməti artıq keçmiş və qondarma “dqr”in maliyələşməsini dayandırıb və ona maliyyə ayırmaq niyyətində deyil, əksinə, Qarabağdan gedən ermənilərin Ermənistan vətəndaşı kimi qeydə alınması və onların işlə təmin olunması barədə Baş nazir Nikol Paşinyan ötən gün qərar qəbul etdiyini bildirib. Həmçinin “mühacir hökuməti” bəsləmək Ermənistanın Azərbaycana ərazi iddiası deməkdir ki, bu da Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla, 86,6 min kv.km daxilində tanımaqla bağlı İrəvanın imzaladığı sənədlərə ziddir. Bu halda Azərbaycanla sülh sazişi də ciddi sual altına düşə bilər.

Bu baxımdan qapalı toplantıda heç bir nəticə hasil olmayıb. İddialara görə, S.Şahramanyanın xarici ölkə nümayəndələri və səfirlərlə görüşündə də məqsədi maliyyə əldə etməkdir. Şahramanyan bildirib ki, Qarabağa qayıtmağın yolunu tapa bilsələr, maliyələşmə də olacaq.

Bu arada Serj Sərkisyanın Samvel Şahramanyanla görüş istəyi və bu görüşün baş tutmasına da diqqət çəkilir. Qeyd edilir ki, “Qarabağ klanı”nın “liderləri” olan S.Sərkisyan və R.Köçəryanla Samvel Şahramanyan əlaqə qurmaqda maraqlı deyil. Bunun bir səbəbi onların Ermənistanda heç bir nüfuzunun olmamasıdırsa, digər səbəbi Paşinyanı daha artıq qıcıqlandırmamaqdır. Çünki Paşinyanın siyasi rəqibləri Sərkisyan və Köçəryanla işbirliyi quracağı halda Şahramanyanın Ermənistanda yaşamaq imkanı da məhdudlaşdırıla bilər.

Buna baxmayaraq, Sərkisyanın istəyi ilə Şahraman görüşə razılıq verib. Bu görüşdə də heç bir nəticə olmayıb, Sərkisyan yalnız “vəziyyəti” öyrənib.

Beləliklə, aydın olur ki, separatçıbaşılar yalnız maliyyə əldə etmək və havayı maaş almaq uğrunda mübarizə aparırlar. Ancaq buna Ermənistan hökumətinin izn verəcəyi mübahisəlidir. (Axar)

Tacxeber.com

 

Oxşar xəbərlər