“Bakı Musiqi Forumu”nda yerli televiziya verilişlərinə münasibət bildirilməsini çox faydalı hesab edirəm. Bir sıra tanınmış musiqi xadimlərinin, mədəniyyət adamlarının – Fərhad Bədəlbəyli, Siyavuş Kərimi kimi insanların televiziya verilişlərinə münasibəti tamamilə təbiidir. Bu sırada birbaşa televiziya həqiqətlərini deyən, hədəf auditoriyası ilə münasibətləri açıq şəkildə göstərən Murad Dadaşovun da çıxışı diqqətimi cəlb etdi”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında professor, əməkdar jurnalist Qulu Məhərrəmli yerli televiziya kanallarında yayımlanan bayağı verilişlərə münasibət bildirərkən deyib.
Professor bildirib ki, hazırkı auditoriya televiziyadan faydalı verilişlər tələb edir:
“Bütün yanaşmalar, o cümlədən mənim yanaşmam subyektivdir. Amma tamaşaçılar üçün televiziya bir platformadır. Onlar həmin televiziyadan xəbərlər, yaxşı verilişlər, baxdıqları vaxtın itirilməməsi üçün faydalı, gərəkli verilişlər gözləyirlər. Ona görə də bizdə həmin səviyyədə verilişlər olmayanda istər-istəməz manevr taktikası tətbiq olunur. Məsələn, televiziya rəhbərləri adətən verilişi yönəltdikləri auditoriyanın istəyi, tələbi, estetik duyumu qavrayışını əsas götürürlər. Əlbəttə ki, hər bir televiziya verilişinin hazırlanmasında kateqoriya, parametr ola bilər.
Ümumiyyətlə isə, televiziya özünün missiyasından irəli gələn vəzifələri reallaşdırmalıdır. Bu o deməkdir ki, televiziya öz məhsullarını çıxardığı bazarda yüksək meyarlarla təqdim etməlidir. Bizim televiziya məkanımızın vəziyyəti elədir ki, büdcədə maliyyələşən telekanallar var, özəl telekanallar var. Büdcədə maliyyələşən kanallar AZTV-nin 3 kanalıdır, İctimai televiziyadır və Naxçıvan televiziyasıdır. Bir də özəl – kommersiya kanalları var. Bunların, əlbəttə ki, məhsullarına eyni dərəcədə, tələbkarlıqla yanaşmaq olmur”.
Əməkdar jurnalist “Xəzər Media Mərkəzi”nin direktoru Murad Dadaşovun mövzu ilə bağlı açıqlamasına da münasibət bildirib:
“Murad Dadaşov onu dəqiq şəkildə deyib ki, televiziya kanalı yaşamalıdır, işçilər maaş almalıdır və televiziya sabaha baxmalıdır. Amma burada ciddi məsələ budur ki, biz jurnalistlər şou proqramlarını hazırlayırıq və onun ölçüləri, peşəkarlıq səviyyəsi, standartları nə haldadır? Bunu bilməliyik. Məsələn, vaxtıyla Murad Dadaşovun özünün çox böyük peşəkarlıqla apardığı “Maşın şou”su var idi. Ona kim nə irad tuta bilirdi ki? Həmin veriliş aparıcısından tutmuş rejissoruna qədər çox böyük səviyyədə hazırlanırdı. Bu verilişdə müəyyən bir arenada televiziya ekranlarından tamaşaçıya təlqin etdiyi müsbət mesajlar da var idi. Lakin indiki hazırlanan televiziya şouları, əyləncəli proqramlar sırf orta səviyyəli tamaşaçı üçün nəzərdə tutulur ki, auditoriya buna baxsın və həmin kanalın, verilişin reytinqi artsın. Ona görə də burada zəif verilişlərin hazırlanmasına bəraət qazandırmaqdan daha çox sözügedən verilişlərin ümumən bir standart kimi təqdim olunması tendensiyasi qorxuludur”.
Qulu Məhərrəmli hesab edir ki, zəif televiziya proqramlarının hazırlanmasına heç bir halda bəraət qazandırmaq olmaz:
“Bizim keyfiyyətli şouları, əlbəttə ki, tamaşaçı görür. Söhbət az qala çadır toyu səviyyəsində hər cür estetik dəyərlərdən uzaq olan verilişlərin hazırlanmasından gedir. Televiziya birbaşa o verilişlərin keyfiyyəti üçün məsuliyyət daşıyır. Yəni, biz nə qədər auditoriyanı əsas amil kimi önə çəksək də, televiziyanın özünün bəlli standartları var ki, həmin meyarlar üzrə biz verilişlərə müəyyən tələblə yanaşırıq. Məncə, əsas problem budur. Bəli, televiziyaların maddi durumu ürəkaçan deyil. Kadr potensialı heç də həmişə lazım olan səviyyədə olmur. Rejissor işi, menecer işi, yaradıcılıq problemləri – bütün bunlar xeyli maliyyə tələb edir. Buna görə də həmin maliyyənin də əsas mənbəyi reklamlar və sponsorlardır. Bütün bunlarla yanaşı, hesab edirəm ki, zəif proqramların hazırlanmasına heç bir halda bəraət qazandırmaq olmaz. Ən zəif veriliş belə estetik dəyər daşımalıdır. Düşünürəm ki, bu proseslə bağlı “Musiqi Forumu”nda həyəcan təbilinin çalınması çox təbii haldır”.