Millət vəkilləri Arif Hacılının oğlunun həbsi ilə bağlı danışır: “Məni belə qalmaqaldan uzaq edin, ağsaqqal kişiyəm”
Deputatlar işin siyasi motivli olduğuna inanmırlar
“Ümid edirəm ki, burada hansısa siyasi çalar olmaz. Yəqin ki, araşdırmalar obyektiv aparılar və onun azadlığa çıxması təmin olunar”
Bu sözləri millət vəkili, parlamentin İnsan hüquqları komitəsinin üzvü Faiz Mustafa Abzas Media-nın siyasətçi Arif Hacılının oğlunun həbsilə bağlı sualına cavab olaraq deyir.
Millət vəkili bildirir ki, heç kim siyasətçinin övladının həbsə düşməsini arzulamaz:
“Amma, çox güman ki, həbs qətimkan tədbirini seçiblərsə, bunu hansısa mülahizələrlə ediblər. Əminəm ki, obyektiv araşdırıb, doğru nəticəni ortaya qoyarlar. Arif bəy uzun illər azadlıq uğrunda mübarizə aparmış, müstəqillik aktına imza atmış biridir. Ona qarşı belə bir xüsusi qərəzin olduğunu düşünmürəm”,– deyə Fazil Mustafa bildirib.
Millət vəkili, parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev isə deyir ki, əgər Arif Hacılının oğlu ilə bağlı ona müraciət edilərsə, əlindən gələni etməyə hazırdır.
Onun sözlərinə görə, məsələnin məğzi ilə tanış deyil və işin siyasi olub-olmaması ilə bağlı heç nə deyə bilməz:
“Mən ümumiyyətlə, yol qəzaları ilə bağlı insanların bir çox hallarda tamamən qanundankənar həbs edilməsinin şahidi oluram. Əgər adam vurubsa, onu dərhal cəzalandırırlar. Amma dünyada belə hal yoxdur. Düşünürəm ki, yol qəzalarında həbs məsələləri xeyli absurd görünür.
Arif Hacılının oğlu ilə bağlı məsələni mətbuatdan oxumuşam, sadəcə 2 ay müddətinə həbs olunduğunu bilirəm. Əgər bu işdə hansısa qanunsuzluq olubsa, narahatlıq varsa, mən bu məsələni araşdıra bilərəm. Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü kimi səlahiyyətim də var, müəyyən məsələlərə çıxışım da var. Mənə bu məsələ ilə bağlı müraciət olarsa, əlimdən gələn köməkliyi göstərməyə hazıram. Mənim üçün hər bir vətəndaş vacibdir, Arif Hacılı da, oğlu da Azərbaycan vətəndaşıdır. Ancaq mən məsələnin məğzi ilə tanış deyiləm, siyasi olub-olmaması ilə bağlı necə şərh verə bilərəm ki?!”.
“Məni belə qalmaqaldan uzaq edin, ağsaqqal kişiyəm”- millət vəkili, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olan Fəzail Ağamalı isə məsələyə münasibət bildirməkdən imtina edib:
“Mənə nə dəxli var Arif Hacılının oğlunun saxlanılmasının? Saxlanılıb, məhkəməsi olub, 2 ay sonra da çıxacaq. Mənlik deyil, məni belə qalmaqaldan uzaq edin, ağsaqqal kişiyəm. Gedin cavanları nə qədər istəyirsiniz danışdırın”.
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə deyir ki, bu işdə siyasi motiv yoxdur.
Onun fikrincə, əgər siyasi motiv olsaydı, bu Arif Hacılının özünə qarşı olardı:
“Avtomobil qəzasıdır, şikayətlərə görə həbs eliyiblər. Bilmirəm Arif Hacılının oğlu siyasi fəaliyyətlə məşğuldur ya yox, hər halda siyasi motivlər olsa, bu, Arif Hacılının özü ilə bağlı ola bilər, oğlunu buna görə həbs etməzlər.
Amma ölkədə hər gün belə qəzalar olur, hamısında çağırıb kimisə həbs eləmirlər. Avtomobil qəzaları dünyanın hər yerində olur. Burda ölüm yoxdur, ilk vaxtlar xəsarət alanlar da olmayıb. Hadisədən xeyli müddət sonra Arif Hacılının oğlunun çağırılıb həbs olunması hesab edirəm ki, doğru deyil. İstintaq getsin, şərt deyil ki, gənc adam həbsdə olsun. Sonda da məhkəmə istintaqa uyğun qərar çıxarar. Arif Hacılı Azərbaycanda millət vəkili olmuş, Konstitusiya Aktına imza atmış, ümumilikdə xidmətləri olmuş adamdır. Bütün bunlar hamısı nəzərə alına bilərdi”, – deyə o, bildirib.
Millət vəkili, Respublikaçı Alternativ Partiyasının (ReAl) Siyasi Komitəsinin üzvü Erkin Qədirli isə açıqlama verməkdən imtina edib.
Azərbaycanda siyasətçilərin övladlarının yol-nəqliyyat hadisələrindən sonra cinayət məsuliyyətinə cəlb edilməsi ilk hal deyil.
İlk dəfə 2012-ci ildə Müsavat partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi ölümlə nəticələn avtomobil qəzasından sonra məhkəmə qərarı ilə 2 il 6 ay azadlıqdan məhrum edilib.
Bundan sonra, siyasətçi Cəmil Həsənlinin qızı Günel Həsənli 2014-cü ildə baş verən qəzaya görə 2015-ci ildə Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 il 6 ay müddətində məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edilib. Həmin qəzada zərərçəkmiş kimi tanınan şəxs şikayətçi olmasa da, məhkəmə bu qərarı çıxarıb. O, 2017-ci ilin martında əfv sərəncamı ilə azad edilib.
Arif Hacılının oğlu Orxan Hacılını oktyabrın 31-i Yasamal Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. Bundan əvvəl bir sıra hökumətyönlü medialarda Yasamal rayonu, Hüseyn Cavid prospektində baş verən qəzanın görüntüləri yayılıb. Yayılan görüntülərdən görünür ki, “Honda” markalı avtomobil hərəkət edərkən qarşısında manevr edən avtomobillə toqquşur və nəticədə ərazidə dayanmış başqa avtomobilə də dəyir.
Noyabrın 2-də ona qarşı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrilə ittiham irəli sürülüb. O, Yasamal Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2 aylıq həbs olunub.
Orxan Hacılı məhkəmədəki çıxışında həbsinin siyasi motivli olduğunu bilidirib.
Müsavat başqanı Arif Hacılı da mediaya açıqlamasında oğlunun onun siyasi fəaliyyətinə görə həbs edildiyini vurğulayıb.