• 26 Noyabr 2024 17:23

Ani ürək ölümlərinə səbəb nədir? – Tanınmış həkim açıqladı

Ani ürək ölümlərinə səbəb nədir? - Tanınmış həkim açıqladı

“Əslində, qəfil ürək ölümləri əvvəllər də olub. Sadəcə, son illər bəzi tanınmış simaların, xüsusilə gənc yaşlarda ani ürəktutması, medianın bu məsələyə diqqəti mövzunu aktuallaşdırıb”. 

Bunu “Report”a müsahibəsində Azərbaycanın əməkdar həkimi, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, ürək-damar cərrahı, professor Kamran Musayev deyib.

O, ürək ölümləri ilə bağlı məsələyə diqqət göstərilməsini yaxşı hal kimi qiymətləndirib: “Bu, əslində yaxşıdır, ürəklə əlaqəli problemin olduğunu hiss edir və həllinin vacibliyinə əsas verir. Nəzərə almaq lazımdır ki, bu gün bütün dünyada ürəklə əlaqəli ölüm saylarında eyni tendensiya müşahidə olunur. Sosial həyat və tibdəki inkişafa baxmayaraq, bu gün hələ də ürək-damar xəstəliklərindən ölüm nisbəti digər xəstəliklərlə müqayisədə çoxdur. Yəni ən çox ölümə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri ilk sırada qərarlaşıb”.

K.Musayev ürək xəstəliklərinin yaranmasına əsas səbəb kimi genetik faktorun olduğunu vurğulayıb: “Bir insanın ailəsində 40 yaşında və ya daha gənc yaşlarda ani ölüm halı olubsa, hansı yaşda olmasından asılı olmayaraq, mütləq şəkildə kardioloq müayinəsindən keçməlidir. Çünki bu cür ani ürək ölümünə səbəb olan halların başlıca səbəbi genetik faktordur”.

Cərrah qeyd edib ki, ani ürək ölümləri çox səbəblidir: “Biz buna adətən multifaktorial deyirik. Azərbaycanlılar da bu məsələdə kifayət qədər həssas davranmır. Vaxtında həkimə müraciət edilmir, həm də gənclər və qadınlar arasında tütün məmulatlarından istifadə artır. Eyni zamanda, mətbəximizdə yağlı qidalar üstünlük təşkil edir. Bu azmış kimi, qida rasionumuza “fast food” da əlavə olunub. Yaxşı olardı ki, heyvan mənşəli qidaları, xüsusilə də qırmızı əti, heyvan mənşəli yağı azaldaq”.

Tacxeber.com

Oxşar xəbərlər