• 20 Sentyabr 2024 19:26

Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri

 Yadigar Sadıqlı

1917-ci ilin dekabrında, Birinci dünya müharibəsinin sonuna 11 ay qalanda osmanlıların tərk etdikləri Qüdsə britaniyalılar daxil oldular. Şəhərdə aclıq və səfalət hökm sürürdü, əsgərlər uzunsürən Fələstin kampaniyası zamanı taqətdən düşmüşdülər, irəlidə yeni döyüşlər vardı, amma Londonda müqəddəs şəhərin fəthini az qala müharibənin əsas nailiyyəti kimi qarşıladılar.

Baş nazir Lloyd Corc qələbəni “Britaniya xalqına milad hədiyyəsi” adlandırdı, bütün imperiyada kilsə zəngləri çalındı, uzun müddətdir ki, cəbhədən yalnız qısa məlumatlar verən qəzetlər təsirli rəsmlər paylaşdılar, məsələn, Yaxın Şərqdəki Britaniya qoşunlarının komandanı Edmund Allenbi buludlar üzərindəki Aslan Ürəkli Riçarddan – ömrünü Müqəddəs Torpaq uğrunda döyüşlərə həsr edən, amma Qüdsü tuta bilməyən orta əsrlərin İngilis kralı – xeyir-dua alırdı.

Hərbi baxımdan elə də önəmi olmayan qələbəyə belə münasibət Birinci dünya müharibəsi illərində Britaniyada inanc renesansının yaşanması ilə izah olunur. Bəşəriyyətin tarixində əvvəllər görünməmiş qırğın dünyanın sonundan xəbər verirdi və insanlar dində nicat axtarırdılar. Qüdsün xristian kralın hakimiyyəti altına qayıtması aparılan savaşın ədalətindən və qələbənin labüdlüyündən xəbər verirdi.

Elə görünürdü ki, müqəddəs şəhər və tarixi Fələstin Britaniya imperiyasının tacında daha bir parlaq brilyanta çevriləcək. Amma məsələ ondadır ki, britaniyalılar Fələstini artıq başqa adamlara verməyi boyun olmuşdular. Özü də iki dəfə və müxtəlif adamlara.

Birinci dəfə Məkkə şərifi Hüseynə 1916-cı ildə vəd etmişdilər. Məkkə hələ Osmanlı hakimiyyəti altında idi və şərif sultanın təbəəsi idi. Amma Hüseyn hesab edirdi ki, Məhəmməd peyğəmbərin birbaşa xələfi kimi ərəb torpaqlarında hakimiyyət hüququ türklərdən çoxdur. Britaniyalılar sultana qarşı döyüşlərdə kömək müqabilində Hüseynin və sülaləsinin (Məhəmməd peyğəmbərin əfsanəvi əcdadının adı ilə Haşimilər) Yaxın Şərqdəki Osmanlı mülkləri üzərində suverenliyini tanımağa hazır idilər. Şərif ilə gizli yazışmada britaniyalılar onu “Misirdən İrana qədər” bütün ərəb ərazilərinin hakimi kimi tanıyacaqlarını deyirdilər.

Əlahəzrət kralın bəzi məmurları osmanlıların arxasında ərəb üsyanı qaldırmaq üçün Məkkə şərifi ilə yazışarkən, digərləri də getdikcə çoxalan və nüfuzlu dindar sionistləri öz tərəflərinə çəkməyə cəhd edirdilər. Əsas məqsədi müstəqil yəhudi dövlətinin yaranması olan sionist hərəkat təkcə yəhudilərdən ibarət deyildi. Müqəddəs kitabın hərfi mənasına inanan çoxlu xristianlar, ilk növbədə protestantlar, Müqəddəs Torpağın yəhidilərə çatmalı olduğu fikrini bölüşürdülər. Axı Bibliyada bunu Tanrı özü müəyyən edib.

 

Necə başladı

Yəhudilər vətənlərini eramızın əvvəllərində, Roma inperiyasına qarşı bir sıra uğursuz üsyanlardan sonra itirdilər. O vaxtdan bütün dünyaya səpələndilər, İsrail mövcudluğunu itirdi. Romalıların Fələstin adı verdikləri ərazi buranı növbə ilə tutan krallıqlar və imperiyalar tərəfindən idarə olundu. VII əsrdə ərəblər gəldi və özləri ilə İslam gətirdilər. Sonra xaçlılar onlara qalib gəlməyə çalışdılar, amma çox vaxt uğursuz oldular. Birinci dünya müharibəsindən dörd əsr əvvəl isə Fələstini Osmanlı imperiyası tutdu. Amma onun da vaxtı keçdi.

Avropa yəhudiləri də, xristian sionistlər də Birinci dünya müharibəsinin başlamasını xüsusi entuziazm olmadan qarşıladılar, çünki onda imperiyaların növbəti dəfə öz sərhədlərini dəyişmək cəhdini görürdülər. Londonda isə sionistləri Britaniya ordusunu pulla, ideyalarla, adamlarla dəstəkləməyə inandırmaq istəyirdilər. Bunun üçün də sionistlər müharibənin onların maraqlarına cavab verdiyinə, Britaniyanın qələbəsinin həm də dini zəfər olacağına inanmalı idilər. İudaistlərə də, xristianlara da təlqin etmək lazım idi ki, müharibə ərazilər üstündə getmir, bəşəriyyətin gələcəyi, insan ruhunun xilası naminə aparılır. Fələstini vermək barədə ikinci vəd belə yarandı. Amma bu dəfə ərəblərə yox, yəhudilərə vermək.

Həmin vəd Balfur deklarasiyası adlanırdı. O, mahiyyətcə kiçik açıq məktub idi və ən nüfuzlu Britaniya yəhudilərindən biri lord Layonel Rotşildə ünvanlanmışdı. Məktubda Britaniyanın xarici işlər naziri Artur Balfur öz hökumətinin sionist hərəkata anlayışla yanaşdığını və Fələstində “yəhudi xalqı üçün milli ocağın yaradılmasına” kömək etməyə hazır olduğunu deyirdi.

Hökumət bu vəd ilə çox güman, özünü təkcə Britaniya sionistlərinin müttəfiqi kimi göstərmirdi, həm də Yaxın Şərq yəhudilərini öz tərəfinə çəkmək, amerikalıları savaşa qoşulmağın dini əsaslarına inandırmaq, Rusiya yəhudilərinə, o cümlədən bolşevik hökumətinin üzvlərinə müharibədən çıxmağın doğru olmadığı barədə siqnal göndərmək istəyirdi.

Etiraf olunmalıdır ki, müharibə ərəb tayfalarının və tərəddüd keçirən sionistlərin köməyi olmadan da qazanılacaqdı. Londondan 11 milyon funt-sterlinq (indiki kursla 1 milyarda yaxın) maliyyə alan ərəb dəstələri Osmanlı imperiyasının kiçik, heç bir strateji əhəmiyyəti olmayan səhralıq parçasını öz nəzarətlərinə aldılar. Boşevik Rusiyası müharibədən axır ki, çıxdı, amrikalılar isə uzun müddət və diqqətlə hazırlanan deklarasiya yayılanda artıq müharibəyə qoşulmuşdular.

 

Amma 1916 və 1917-ci illərdə qələbə hələ tam aydın görünmürdü. Londonda qorxurdular ki, öz imperiyalarının müsəlman təbəələri üsyan qaldırar və həm də xəlifə, yəni İslam dünyasının dini lideri olan Osmanlı sultanının tərəfinə keçərlər. Amerikalıların ənənəvi izolyasionizm libaslarını necə könülsüz soyunduqlarını görür və ümumiyyətlə müharibəyə qoşulamayacaqlarından əndişə duyurdular. Buna görə də yerinə yetirilməsi mümkünsüz vədlər verirdilər.

Dünyanın bölüşdürülməsi

Britaniyalılar özlərinin yaratdıqları dolaşıqlıqdan çıxa bilmədilər, hərçənd, çox çalışdılar. Şərif Hüseyni vəd olunan böyük krallıqsız qoyanda dedilər ki, ona ərəb torpaqları vəd olunmuşdu, Osmanlı imperiyasının çöküşündən sonra isə qəflətən aydın olub ki, buralarda təkcə ərəblər deyil, başqa xalqlar da yaşayır. Həm də vədlər verilən gizli yazışmanın orijinalları da yoxa çıxdı. Ya arxivdə itdi, ya məhv edildi, ya da bəzi məmurların eyham etdikləri kimi, vəd yox idi, hiyləgər Hüseyn hamısını uydurmuşdu.

Qoca şərif “təsəlli prizi” kimi Hicaza sahib oldu. Hicaz Ərəbistan yarımadasının Məkkə və Mədinə şəhərlərinin yerləşdiyi qərb hissəsidir ki, Hüseyn onu əvvəl şərif kimi idarə edirdi, indi isə monarx oldu. 1924-cü ildə oğlu Əlinin xeyrinə taxtdan imtina etdi, amma o da cəmi bir neçə ay dövlət başçısı oldu: Səudlar xanədanından olan rəqiblərinə uduzdu, krallığı itirdi və qürbətdə öldü. Hüseynin daha bir oğlu Feysəl bir qədər Suriyanın kralı oldu, sonra isə İraqda populyar olmayan sülalənin əsasını qoydu. Nəvəsi II Feysəlin 1958-ci ildə devrilməsi ilə bu krallığa son verildi. Hüseynin oğlanlarından yalnız Abdullah indiyə qədər hakimiyyətdə qalan sülalənin əsasını qoya bildi: o, İordaniya taxtını aldı.

Bu taxt-taclar əvvəlcə dekorativ idi, çünki əsas söz sahibi regionu öz aralarnda bölüşdürən, Birinci düna müharibəsindən qalib çıxan Britaniya və Fransa idi.

Keçmiş Osmanlı torpaqları formal cəhətdən Avropa imperiyalarının tərkibinə qatılmamışdı, 1920-ci illərdə “mandataltı” ərazi kimi onlara verilmişdi. Savaşda məğlub olan imperiyaların qırıqlarını idarə etmək hüququnu onlara BMT-nin sələfi – Millətlər Liqası vermişdi. XX əsrin əvvəllərində dünya siyasətində Afrika və Asiya xalqları haqqında effektli özünüidarəyə qadir olmayanlar kimi aşkar irqçi təsəvvürlər geniş yayılmışdı.

Güman edilirdi ki, demokratik dövlətlər onlara dövlətçilik qurmaqda kömək etməlidir, bu zaman həmin xalqlar üzərində siyasi və iqtisadi nəzərət, eləcə də ərazisində hərbi qüvvələri olmalıdır. Millətlər liqasından mandat elə qeyri-müəyyən və yayğın, qüvvədən düşməsi vaxtı isə – xalqlar öz dövlətlərinin məsuliyyətini götürməyə hazır olanaq qədər – elə dumanlı idi ki, mandataltı ərazilər Avropa ölkələrinin faktiki müstəmləkəsinə çevrilmişdilər, baxmayaraq ki, onları, dediyimiz kimi, imperiyaların tərkibinə qatmamışdılar.

 

Çamadan,vağzal, Sion

Britaniyalara çatan mandataltı ərazilərdən biri Fələstin idi. Burada yerli ərəblər – müsəlmanlar və xristianlar – və yəhudilər məskunlaşmışdılar. Sonuncuların çox az hissəsi Fələstində anadan olmuşdu, amma gündən günə çoxalırdılar, əsasən də Londonun bu torpaqları “milli ocaq” yaratmaq üçün onlara vermək vədinə görə. “Milli ocaq” ifadəsinin “suveren dövlət” anlayışına bərabər olmamasına və Balfur deklarasiyasında gələcək yəhudi Fələstininin dəqiq sərhədlərinin göstərilməməsinə baxmayaraq, Yaxın Şərqə axan Avropa və Amerika yəhudilərinin çoxu məhz öz dövlətlərini yaratmaq üçün Bibliyada israillilərə aid edilən torpaqlara axışırdılar.

Tezliklə ərəblər və gəlməkdə davam edən yəhudilər arasında konfliktlər başladı. Ərəblər üçün əcnəbi yəhudilər qəribə və təhlükəli özgələr idi. Onları müharibədən sonrakı kasıblıq və səfalətdən istifadə edərək yerli fermerlərdən torpaqları çox ucuza almaqda, üstünlüyü dindaşlarına verərək ərəbləri işə könülsüz götürməkdə və nəticədə ikincilərin daha çox kasıblaşmasında və marqinallaşmasında günahlandırırdılar.

Yəhudiləri xaricdən fəal dəstəkləyirdilər: dini təşkilatlar – xristianlar da daxil – yeni sakinlərə pulla kömək edirdilər, onların maraqlarının Avropa və ABŞ-da lobbiçiliyini həyata keçirirdilər. Yerli ərəblər heç yerdən kömək gözləmirdilər, onların soydaşları və dindaşları bir neçə yeni dövlətlərə bölünmüşdülər, öz problemləri başdan aşırdı, Fələstində yaşayanlara kömək etmək üçün nə pulları, nə beynəlxalq nüfuzları vardı. 1920-ci illərin sonlarında Qüdsdə və ərəblərlə yəhudilərin yanaşı yaşadıqları bir neçə şəhərdə antiyəhudi çıxışlar oldu. O zaman bu, hələ böyük miqyaslı üsyan yox, yəhudilərə yönəlik bir neçə yetərincə qanlı hücumlar idi. Amma üsyana da az qalmışdı.

 

Terrorun mənbəyi

HƏMAS-ın hərbi qanadı “İzəddin Qəssam briqadaları” adlanır. Həmin briqadaların İsrailə atdığı ən yayılmış raket tipinə də “Qəssam” adı verilib. Qəzzada bir neçə təhsil müəssisəsi Qəssamın adını daşıyır. Onlar hamısı suriyalı din təbliğatçısı İzəddin Qəssamın adını daşıyır. O, Yaxın Şərqi öz aralarında bölüşdürən Avropa dövlətlərinə silahlı müqavimət göstərməyə ilk cəhd edənlərdən biri olub. Doğma Suriya üzərində mandata malik fransızlara qarşı mübarizədə məğlub olan Qəssam 1930-cu illərdə Fələstinə keçib və burada gizli silahlı təşkilat yaradıb.

Onun “Qara əl” təşkilatında birləşən döyüşçüləri yəhudi məskənlərinə və Britaniya patrullarına hücum edir, bağları yandırır və inzibati binaları partladır, bununla yəhudilərin köçünün dayandırılmasına və Britaniya mandatının bitməsinə nail olmağa çalışırdılar. Yəhudilər buna cavab olaraq özlərinin gizli silahlı təşkilatlarını – İrqunu yaratdılar. Britaniya mandatının ilk həftələrində yaranan Haqana ilə birlikdə İrqun gələcəkdə müstəqil İsrailin silahlı qüvvələrinin əsasını təşkil edəcək. O zaman isə hələ qiyamçı qruplaşma idi.

Ərəb və yəhudilər bir-birləri ilə yanaşı həm də Britaniya mövcudluğuna qarşı döyüşürdülər, buna çox uzanmış işğal kimi baxırdılar. Qəssam 1935-ci ildə britaniyalılarla toqquşmada öldürüldü, amma bu, ərəb qiyamını yatırmadı. Əksinə, ölüm yeni çıxışlara səbəb oldu və ümumərəb üsyanına çevrildi. 1936-cı ildən 1939-cu ilə qədər davam edən qiyamın məqsədi yəhudi köçünün dayandırılması və Fələstində yəhudi “milli ocağı”nın yaradılması planından vaz keçilməsi idi. Britaniyalılar yalnız kökə və qamçı kombinasiyası ilə üsyanı yatıra bildilər.

Hərbi əməliyyatlarda və aksiyaların gedişində beş minə qədər ərəb həlak oldu, daha bir neçə mini barmaqlıqlar arxasına düşdü və ya xaricə qaçmalı oldu. Bu, qamçı idi. Kökə isə yəhudi köçünə bir sıra məhdudiyyətlər nəzərdə tutan “Ağ kitab”ın tətbiqi oldu.

Britaniyalılar ərəb torpaqlarının yəhudilərə satışına qadağa qoymağa razı oldular, 10 il ərzində Fələstində ərəb və yəhudi dövlətinin yaradılacağını vəd etdilər və mandat dövründə ilk dəfə yəhudi köçünə limit tətbiq etdilər. 1939-cu ildə 25 min, sonrakı dörd ildə isə hər il 20 min yəhudi Fələstinə köçə biləcəkdi (əslində beş ildə 75 min nəfərin köçünə icazə verilmişdi – Toplum).

Üsyanı yatırmaqda britaniyalılara kömək edən yəhudilər “Ağ kitab”ı Londonun Balfur deklarasiyası ilə üzərinə götürdüyü öhdəliklərə xəyanət kimi qiymətləndirdilər. Özü də həmin vaxt Avropada nasistlər ağalıq edirdilər və qitə yəhudilər üçün getdikcə daha təhlükəli yerə çevrilirdi, Fələstində isə onların ölümcül təhlükədən leqal qaçmaq imkanlarını məhdudlaşdırdılar. “Ağ kitab”a cavab olaraq İrqun bir neçə Britaniya zabitinə divan tutdu, amma İkinci dünya müharibəsinin başlaması imperiyanı yəhudilərlə barışdırdı. İrqun və Haqananın bir çox döyüşçüləri Britaniya və ya müttəfiqlərinin ordularına qoşuldular, nasistlərin müttəfiqi olan fransız Vişi rejiminin qüvvələrinə qarşı Suriya və Livanda döyüşdülər.

 

Öz növbəsində nüfuzlu ərəb ailələri Britaniyanın əsas düşməni kimi almanların tərəfini tutdular. Nasistlər Yaxın Şərqlə bağlı hələ müharibədən əvvəlki təbliğatlarında özlərini “yəhudi-britaniya imperializmi”nə qarşı mübarizədə ərəblərin təbii müttəfiqi kimi göstərirdilər. “Qan təmizliyinin mühafizəsi” haqqında qanunun qüvvəsi ərəblərə şamil olunmurdu, Antisemit fəaliyyət (Antisemitische Aktion) bürosunun adı da ərəbləri qıcıqlandırmamaq üçün dəyişdirilərək Antiyəhudi fəaliyyət (Antjüdische Aktion) bürosu oldu. Çünki ərəblər də semit xalqı idilər.

Bütün bunlar britaniyalıların Birinci dünya müharibəsi zamanı etdiləri ilə eyni məqsəd daşıyırdı: düşmənin arxasında çaxnaşma, lap yaxşısı isə böyük üsyan doğurmaq. Doğrudur, almanların səyi daha az effektli oldu. Hətta ən almanpərəst ərəblər belə Britaniya imperiyasının qüdrətinə meydan oxumağa hazır deyildilər. Yaxın Şərqdə ərəb üsyanı baş vermədi. Əvəzində yəhudi üsyanı baş verdi.

1944-cü ildə gizli yəhudi müqaviməti britaniyalılara qarşı mübarizəni bərpa etdi. Bu, Avropadakı Holokostun gerçək miqyası məlum olduqda və London bunu bildiyi halda “Ağ kitab”dan imtina etmədikdə baş verdi. İrqun terrora bulaşmaqdan da çəkinmirdi və bu taktikanın kulminasiyası 1946-cı ildə Qüdsdəki “Kral David” hotelinin – mandat administrasiyasının ofisləri burada yerləşirdi – partladılması oldu. Terror aktı nəticəsində 91 nəfər öldü.

Zorakılıqla yanaşı diplomatik təzyiq də artırdı. ABŞ prezident Harri Trumen 1945-ci ildə bildirdi ki, İkinci dünya müharibəsinin dəhşətlərindən ən çox ziyan çəkən yəhudi xalqını himayəsinə götürməyi özünün mənəvi öhdəliyi hesab edir. Bu, köhnəlmiş mandat sisteminə son verməyin vaxtı gəldiyinə yetərincə aydın eyham idi. Elə Britaniyanın özündə də adamlar tez-tez soruşurdular: saxlanılması getdikcə daha çətin və daha təhlükəli olan dənizarxası uzaq ərazilər nəyimizə lazımdır?

Bir zamanların əzəmətli imperiyasının parçalanma konturları artıq gözə çarpırdı. Özü də məhz Yaxın Şərqdə daha aydın görünürdü. Amma Müqəddəs torpaqdan getməzdən əvvəl britaniyalılar, vəd etdikləri kimi, onun ərəb və yəhudilər arasında bölünməsi planını hazırladı, daha doğrusu, bir neçə plan. Onların içində, məsələn, Fələstindəki bütün ərəblərin İordaniyaya köçürülməsi də vardı.

Planların heç biri eyni vaxtda həm ərəblər, həm yəhudilər tərəfindən bəyənilmədi, buna görə də London hesab etdi ki, ən yaxşısı, bu işi Millətlər Liqasının varisinə – BMT-yə verməkdir. Təşkilat öz planını 1947-ci ildə açıqladı. Mandataltı Fələstin ərazisinin 55 faizi yəhudilərə, 45 faizi ərəblərə çatırdı. Qüds isə BMT qarşısında məsul olacaq beynəlxalq administrasiyaya veriləcəkdi. Ərəblər yenə əleyhinə çıxdılar.

 

Onlar bildirirdilər ki, yəhudi dövlətinin yaranmasına ehtiyac yoxdur, Fələstinə gələn yəhudilərin öz vətənləri var – mühacirət etdikləri ölkələr ki, oralara da qayıda bilərlər. Ərəblər yəhudiləri müharibə ilə təhdid etdilər və bu da onlara rəğbəti artırmadı. Necə olsa, İkinci dünya müharibəsi yeni bitmişdi və Holokost dəhşətləri haqqında xatirələr hələ təzə idi. Amma savaş yenə də başladı.

Müstəqillik uğrunda müharibə

Proseslər müharibəyə doğru tədricən getdi. Britaniya administrasiyası 1947-ci ilin sentyabrında Fələstini tərk etməyə hazırlaşdığını və orada yaşayan insanların öz talelərini özlərinin həll etməli olduğunu bildirdi. İki aydan sonra BMT Müqəddəs torpağın ərəb və yəhudi dövlətlərinə bölünməsi planını qəbul etdi. Bundan sonra Fələstinin müxtəlif yerlərində ərəb və yəhudilər arasında şəhərlər, kəndlər və hətta ayrı-ayrı fermalara nəzarət uğrunda silahlı toqquşmalar başladı. Britaniyalılar bu toqquşmalara, demək olar, qarışmırdılar, təcili təxliyyəyə hazırlaşırdılar. Hazırlığı 1948-ci il mayın 14-ə – mandata son verilməsi üçün Londonun seçdiyi tarixə qədər yekunlaşdırmaq lazım idi.

Britaniya əsgərləri ilə dolu sonuncu gəmilər hələ Fələstin limanlarından yola düşmək əmrini gözləyərkən yəhudilər öz dövlətlərinin yaranmasını – İsrailin bərpasını elan etdilər. Yeni dövlətin ərəb qonşuları buna cavab olaraq Fələstinə öz qoşunlarını göndərdilər. Ərəb liderləri düşünürdülər ki, savaş qısamüddətli və müzəffər olacaq. İordaniya, Suriya, Misir, İraq və Livan orduları sadəcə britaniyalıların yerini tutacaq və İsrail dövlətinin yaranmasına imkan verməyəcək, yəhudiləri tərkisilah edib hakimiyyəti yerli ərəblərə verəcəklər.

Amma hər şey ərəb krallarının və generallarının düşündüklərinin əksinə getdi. Onların orduları bir-biriləri ilə koordinasiya etmədən döyüşürdülər, planlama faktiki yox idi, qoşunların təchizatı pis idi, çünki uzun müharibə üçün yetərincə silah, yanacaq və azuqə toplanmamışdı. Hətta ağır texnikadakı üstünlükləri də tezliklə yox oldu: ABŞ və Avropadakı yəhudi təşkilatları yeni İsrail dövləti üçün Çexoslovakiya, İtaliya, Fransa və başqa ölkələrdən artilleriya, zirehli texnika və hətta təyyarə alaraq dəniz yolu ilə göndərdilər.

Müharibə 1949-cu ilin iyulunda, döyüş əməliyyatlarını davam etdirmək üçün nə resursları, nə də həvəsləri qalmayan ərəb orduları bir-birinin ardınca Fələstini tərk etdikdən sonra bitdi. İsrail müasir tarixdə ilk savaşını sadəcə qələbə ilə deyil, triumfla yekunlaşdırdı. Keçmiş mandataltı Fələstinin 55 deyil, az qala 80 faizi onun nəzarətinə keşdi. Heç vaxt beynəlxalq administrasiyanın peyda olmadığı Qüdsün qərb hissəsi də daxil.

İsraillilər üçün qələbə olan ərəblər üçün fəlakət idi. Fələstinlər həmin savaşı və nəticələrini rəsmən belə də adlandırırlar (ərəbcə “Nəkbə”). Yüzminlərlə fələstinli ərəb öz evini tərk etməli oldu. Kimisi bunu çarpaz atəş altında ölmək qorxusu ilə etdi, kimisi ərəb ordularına kömək etdiyi üçün yəhudilər tərəfindən cəzalandırılacağı əndişəsi ilə, çoxu isə İsrail dəstələri tərəfindən qovuldu. Yeni dövlətin ordusu öz arxasında qeyri-loyal adamları saxlamaq istəmirdi və zorakı köçürməyə əl atdı.

Yəhudilər də evlərindən qovuldular, amma Fələstindəkilər yox, ərəb ölkələrində yaşayanlar. İsrailə məğlub olandan sonra Yaxın Şərqi yəhudi poqromları bürüdü, yəhudilərlə bağlı diskriminasiyalı qanunlar qəbul edildi, döyülmə və linçləmə halları oldu. Bütün bunlar yəhudilərin ərəb ölkələrini kütləvi, demək olar, ucdantutma tərk etməsi ilə yekunlaşdı. Onlar qovulmaları ilə bağlı acı xatirələri yeni vətənlərinə gətirərək övladlarına və nəvələrinə ötürdülər.

Bir neçə nəsil qaçqın düşərgələrində yaşayan və evlərindən məhrum olmalarını israillilərə bağışlamayan fələstinlilərin xatirələri də acılıqda geri qalmır. Bu xatirələr və nəsildən nəslə ötürülən qarşılıqlı etimadsızlıq iki xalqa bir dəfə və həmişəlik barışmağa imkan vermir. Özlərinki saydıqları torpaqlarda yəhudilərin həmişəlik qalacağı ilə barışmayan fələstinlilər həddən artıq çoxdur. Həmin barışmayan fələstinlilərə antiyəhudi qüvvələrin həmişə populyar olacağı dövlətlərini yaratmaq imkanı vermək istəməyən yəhudilər də həddən artıq çoxdur.

 

Tacxeber.com

Oxşar xəbərlər