• 23 Noyabr 2024 23:10

Putin varis planından vaz keçdi- yaxın günlərdə elan edir ki…

 

Prezidentin yaxın ətrafı onu inandırıb ki, namizəd olmaqdan geri çəkilməsi ölkədə qeyri-sabitlik yaradar, müxtəlif siyasi qrupların hakimiyyət uğrunda savaşına səbəb ola bilər

Qərb mətbuatı son günlər israrla yazır ki, Vladimir Putin Rusiyada növbəti prezidentlik müddətinə namizəd olmaq qərarı verib. Putin özü sentyabrda keçirilən Şərq İqtisadi Forumunda seçkilərdə iştirakla bağlı qərarının 2023-cü ilin sonundan tez verməyəcəyini deyib. Rusiyada səkkizinci prezident seçkiləri əvvəlki seçkilərin keçirildiyi ayın ikinci bazar günü, yəni 2024-cü il martın 17-də keçirilməlidir.  Seçkinin dəqiq tarixini isə Federasiya Şurası gələn ay- siyasi partiyaların seçkiqabağı qurultaylarını keçirəcəyi və namizədlər irəli sürəcəyi vaxt müəyyən edəcək. Çeçenistanın rəhbəri Ramzan Kadırov seçkilərin ləğv edilməsinə çağırsa da, əgər fövqəladə hadisə baş verməzsə, seçkinin təxirə salınmayacağı dəqiqdir. Rusiya  Mərkəzi Seçki Komissiyası hələ bir neçə ay əvvəl prezident seçkisinin texniki və təşkilati hazırlıqlarına başlandığını bildirib. Hakimiyyətyönlü ekspertlər tez-tez xatırladırlar ki, prezident hüquqşünas olduğundan səlahiyyətlərinin legitimləşdirilməsi onun üçün çox önəmlidir.  2023-cü ilin fevralında Putin Federal Məclisə müraciətində də bəyan edib ki, Rusiyada prezident seçkisi qanunlara uyğun olaraq öz zamanında keçiriləcək.

Putin ilk dəfə 2000-ci ildə prezident olub və bundan sonra dörd müddətə (2008-2012-ci illərdə fasilə ilə) bu vəzifədə qalıb. Oktyabrın 7-də 71 yaşı tamam olan Putin İosif Stalin dövründən bəri bütün Rusiya monarxlarından daha uzun müddətə hakimiyyət başında olub, hətta Leonid Brejnevin 18 illik “rekordunu” da təzələyib. Üç il əvvəl isə Rusiyadakı konstitusiya dəyişikliyi ilə Putinin yeni prezidentlik müddətinə əngəl aradan qaldırılıb.

Putinin yenidən prezident olmağa qərar verəcəyini bir neçə amillə izah edirlər. Amma əsas arqument budur ki, əgər  Putin  hakimiyyəti kiməsə təhvil verməyə hazırlaşsaydı, varislə bağlı təbliğat artıq başlamalı idi. Hamı xatırlayır ki, 2008-ci ildə- Putinin ikinci səlahiyyət müddəti başa çatanda- varis  məsələsi həll edilmiş, Dmitri Medvedyevin təbliğatı başlamışdı. İndi isə belə bir namizəd təbliğatı yoxdur. Hətta  qarşıdan gələn seçkidə ən azı üç partiyadan şərti namizəd olacağı gözlənilir. Belə ki, “Yeni adamlar”,  Kommunist Partiyası və Liberal Demokrat Partiyasından Putinə “alternativ namizədlər” ola bilər, hətta  Qriqori Yavlinskinin də namizəd ola biləcəyi güman edlir. Jurnalistlərdən Dmitri Muratov(“Novaya qazeta”nın baş radoktoru) və Aleksey Venediktovun(“Exo Moskvı”) namizəd ola biləcəyi haqda da danışılır ki, bu, ehtimal çox azdır.

Putinin ölkə daxilindəki reytinqi həqiqətən də bir çox Qərb liderlərinin reytinqindən yüksəkdir, bu faktdır. Prezidentin yaxın ətrafı Putini inandırmağa çalışır ki,   namizəd olmaqdan geri çəkilməsi ölkədə qeyri-sabitlik yaradar, müxtəlif siyasi qrupların hakimiyyət uğrunda savaşına səbəb ola bilər. Hakimiyyətin ötürülməsi və ya yumşaq transformasiyası indiki müharibə şəraitində mümkün deyil, Putin mütləq seçkiyə getməlidir. Ən yüksək risk isə Putinin gedişindən sonra yenidən  alovlana biləcək separatizm və etnik münaqişələr qorxusudur.

İndi Rusiyada həm də vəziyyət elədir ki, Putinin yerini heç kim həvəslə tuta da bilməz, xüsusən də Ukraynada NATO və ABŞ-la davam edən müharibə, iqtisadi sanksiyalar şəraitində. Yəni fakt budur ki, Putin üçün real rəqib yoxdur, o səbəbdən seçkidə iştirak edərsə, inamlı qələbə qazanacaq. Putinin seçki kampaniyasını “anti-Qərb” təbliğatı ətrafında quracağı, hətta seçkilərədək Ukrayna ilə müharibədə qələbəsini elan edə biləcəyi də deyilir.  Aydındır ki, 2024-cü il seçkisində əsas təbliğat konteksti Qərblə ideoloji və iqtisadi savaş  mühüm yer tutmalıdır. Putin üçün təkcə beşinci prezident seçkilərində qalib gəlmək vacib deyil. Onun üçün inamlı,  böyük səs çoxluğu ilə qalib gəlmək vacibdir ki, çoxsaylı düşmənlərindən heç biri onun qələbəsini şübhə altına almasın.

Məlumdur ki, Vladimir Putin simvolik tarixləri və jestləri sevir. Buna görə də, onun yeni prezidentlik müddətinə namizədliyini elan edəcəyi mümkün tarixlərdən biri noyabrın 4-ü Milli Birlik Günü göstərilirdi. Amma  gözlənilən olmadı.  İndi isə Putinin  “Rusiya” beynəlxalq sərgi və forumunun davam etdiyi bu günlərdə qərarını elan edə biləcəyi haqda xəbərlər yayılıb. Bildirilir ki,  Putin yeni prezidentlik müddətinə namizədliyini məhz bu platformada – Rusiyanın bütün regionlarının təmsil olunduğu tədbir çərçivəsində elan edə bilər. Sərgi 2023-cü il noyabrın 4-dən 2024-cü il aprelin 12-dək keçiriləcək, yəni vaxt baxımından prezident kampaniyası ilə üst-üstə düşür. Dövlət başçısının sərəncamına əsasən,  sərgi “iqtisadiyyatın müxtəlif sahələrində Rusiyanın ən mühüm nailiyyətlərini nümayiş etdirmək” məqsədi ilə keçirilir. Əslində bunlar elə Putinin nailiyyətlərinin sərgisidir və bu çərçivədə namizədliyin elan edilməsi daha məqsədəuyğun olardı. Bu gün isə məlum olub ki, Putin müharibədən sonra ilk dəfə jurnalistlər üçün ənənəvi mətbuat konfransını və “Birbaşa əlaqə” formatını dekabrı 14-də birgə keçirəcək. İndi diqqətlər yenə də həmin təqvimə dikilib.

Putin tələsmir, amma gəlişmələr göstərir ki, sürpriz olmayacaq. (musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər