“Nəsibə xanımın qaynanası çox zülmkar olub, o filmdə öz qaynanasını yaratmışdı”-FOTO
“İbrahimlə Aydan bir-birlərini tamamlayırlar, onları gülərüz görəndə xoşbəxt oluruq”
“Baxmayaraq ki, İbrahim mənim qanımdır, canımdır, amma onun istedadının vurğunuyam. O tamam başqa janrla məşğuldur, mən başqa. Çox böyük sənətkarlarla işləyib. Mən heç gözləmirdim ki, İbrahim gəlib bu səviyyəyə çıxsın, aktyor olsun. Təbii ki, bir aktyorun, ələxsus da aktyor atanın fəxridir ki, övladı onun yolunu davam etdirir”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Musiqili teatrın aktyoru Çingiz Əhmədov deyib. O daha sonra əlavə edib.
“İbrahim çox ciddi biridir, zarafatı sevməz. Onun ən böyük sirdaşı anası olub. Təbii ki, sənətdə hər zaman yanında olmuşam. Müəyyən məsləhətləri ona vermişəm. Hara gedirəmsə ondan danışırlar. Özümlə bağlı 1-2 sual verirlər, sonra keçirəm ikinci plana, İbrahimdən danışırlar. Bu bir ata, ana üçün böyük bir fəxrdir. Ömür-gün yoldaşı Aydan xanım illərdir həm aparıcı, həm də aktrisadır. Bunlar bir-biri ilə vəhdət daşıyırlar. Bilirəm ki, Aydan ona nəsə deyəndə bir-birlərini tamamlayıb, anlaşırlar. İstər Mehriban xanım, istərsə də mən onları gülərüz görəndə özümüzü xoşbəxt sayırıq” deyə aktyor bildirib.
Sənətkar görkəmli səhnə ustadı Nəsibə Zeynalovanı da xatırlayıb.
“Nəsibə xanım bizim ailənin içi idi. Nənəmlə dayıqızı, bibiqızı olublar. Nəsibə xanım hər dəfə nənəmə 4-5 dəvətnamə yollayırdı. Məni də aparırdılar. O vaxtı da tamaşalarda növbə olurdu. Ofeliya Məmmədzadə bir gün məni teatra gətirdi. Nəsibə xanımla da teatrda rastlaşdıq. Mənə xeyir-dua verdi. Taley elə gətirdi ki, illər sonra onunla bir səhnədə çıxış etməyə başladım. Qastrol səfərlərinə gedəndə Nəsibə xanım böyük qazanlarla gəlirdi. Bütün aktyorların qayğısına qalırdı. Kartoflu peraşkiləri digər aktyorlara, ətli peraşkiləri isə mənə verirdi. Çox alicənab bir xanım idi. Baxmayaraq ki, o qaynana obrazını zülmkar oynamışdı, amma o çox yaxşı qaynana olub. Gəlininə ana olub. O öz qaynanasını oynamışdı. Danışırdı ki, mənim qaynanam zülmkar olub. Uşaqla uşaq idi, böyüklə böyük” deyə sənətçi bildirib.
-
Tacxeber.com