• 22 Noyabr 2024 23:17

Dünyanın Nüvə Qəzaları ilə sınaqları.

Qəzalar hər bir nüvə reaktorunda baş verə bilər. Hər biri ətraf mühitə ölümcül radioaktiv tullantıların yayılması təhlükəsi yaradır. Üstəlik, nəzərdə tutulduğu kimi işləsələr də, bəzi radioaktiv maddələr mütləq hava və su ilə qarışır. 1940-cı illərdən bəri nüvə sənayesi bu faktı hərbi sirr olaraq saxlamağa davam edir.

Tacxeber.com sfera.az-a istinadən ən dəhşətli nüvə fəlakətlərindən bəzilərini təqdim edir.

1. Sellafild İngiltərə, 10 oktyabr 1957-ci il

Britaniyanın nüvə proqramı üçün plutonium istehsal edən “Windscale Reactor 1”də yanğın baş verib. Saatlarla yanan radioaktiv maddələr havaya yayılıb. Radioaktiv buludlar İsveçrəyə qədər çatıb. Radioaktivliklə çirklənmiş minlərlə litr süd məhv edilib. Qəzanın təfərrüatları hələ də Britaniya hökumətinin məxfilik qanunlarına uyğun olaraq saxlanılır.

2. Kıştım Rusiya, 29 sentyabr 1957-ci il

Maye tullantı anbarında soyutma nasazlığı səbəbindən yanğın baş verib. Partlayış nəticəsində 2,5 metr qalınlığında beton parçalanıb və yeraltı çən partlayıb. 70-80 ton yüksək radioaktiv maddə buraxılıb. Minlərlə kvadrat kilometr ərazi çirklənib. Qəza 1970-ci illərin ortalarına qədər gizlədilib. Təsəvvür edin, 30-a yaxın yaşayış məntəqəsinin adı xəritədən silinib.

3. Harrisburq Pensilvaniya ABŞ, 28 mart 1979-cu il

İnsan səhvləri və texniki səhvlərin birləşdiyi bu qəzada, nüvə əriməsi “Three Mile Island Elektrik Stansiyasının 2” nömrəli reaktorunda baş verib. Radioaktiv qazlar buraxılıb və təxminən 3500 uşaq və hamilə qadın təxliyə edilib.

 

4. Çernobıl Ukrayna, 26 aprel 1986-cı il

Çernobıl Atom Elektrik Stansiyasında 4 nömrəli reaktorda təhlükəsizlik sınaqları zamanı operatorlar nüvənin əriməsinə səbəb olub. Partlayış o qədər nəhəng olub ki, 1000 ton damı uçurub, Avropanı radioaktiv buludlara məruz qoyub. Ukrayna və Belarusun böyük əraziləri radioaktiv çirklənməyə məruz qalıb. Radioaktivliyin uzunmüddətli təsirləri, xüsusən də uşaqlarda hələ yeni-yeni görünməyə başlayır.

5. Tokaimura Yaponiya, 30 sentyabr 1999-cu il.

Yanacaq istehsalı müəssisəsində iki işçi təhlükəsizlik qaydalarını pozaraq həddindən artıq maye uran məhlulu qarışdırıb. Zəncirvari reaksiya başlayaraq, radioaktiv maddə yayılıb. Üç işçidən ikisi bir neçə ay sonra şüa xəstəliyindən ölüb, 400-dən çox insan isə müxtəlif səviyyələrdə radiasiyaya məruz qalıb. Bir il sonra, bahalı təmir xərclərinin qarşısını almaq üçün mühüm təhlükəsizlik hesabatlarının dəyişdirildiyi aşkar edilib.

6. Fukuşima Yaponiya, 11 mart 2011-ci il

2011-ci il martın 11-də Yaponiyada baş vermiş sunami fəlakəti nəticəsində baş verən Fukusima Daiçi nüvə qəzası bir sıra avadanlıqların sıradan çıxmasına, nüvə yanacaqlarının əriməsinə və ətraf mühitə radioaktiv maddələrin buraxılmasına səbəb olub. Fukusima nüvə fəlakəti 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra dünyanın ikinci ən böyük nüvə fəlakətidir və Beynəlxalq Nüvə Hadisələri Şkalasında 7-ci səviyyə kimi müəyyən edilmişdir.

Tacxeber.com

Oxşar xəbərlər