Son vaxtlar istənilən cərrahi proseslərdən əvvəl həkimlər bir qayda olaraq xəstəyə və yaxud yaxınına əməliyyatın riskləri, ağırlaşmaları haqqında iltizamnamə imzalatdırırlar. Hansı ki, bu sənəd həkimin əməliyyatdan sonra xəstənin səhhətində yarana biləcək hər hansı bir fəsad və ya problemdən sığortalanması rolunu oynayır.
Amma həkimlərin əksəriyyəti lazım oldu-olmadı, yəni risk əhəmiyyəti daşımayan əməliyyatlarla bağlı da xəstədən belə bir iltizamnamə tələb edirlər. Bu, daha çox özünü estetik əməliyyatlar zamanı göstərir.
Bəs, hüquqi baxımdan bu düzgündürmü?
Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib ki, əməliyyat zamanı insanların səhhətlərinin korlanması və ciddi problemlərlə qarşılaşması halları geniş yayıldığından həkimlər özlərini bu yolla sığortalamış olurlar:
“Çünki əməliyyatdan sonra şikayətlər edilir və araşdırma aparılır. Həkimlər isə bu məsələdə özlərini sığortalamaq üçün belə bir addım atırlar. Əslində əməliyyata girməmişdən əvvəl hər bir pasiyentin səhhəti barədə tədqiqat aparılmalıdır. Şəxsin əməliyyata yararlı olub, olmaması müəyyən olunmalıdır. Yalnız bundan sonra əməliyyata qərar verilə bilər.
Həkimlər buna böyük maraq göstərmirlər.
Sadəcə əməliyyatdən əvvəl hər hansı risk təhlükəsi ilə bağlı xəstənin imzasını alırlar. Bizə də əməliyyatdan sonra həm ölüm halı, həm də ciddi fəsadların yaranması ilə bağlı çoxsaylı müraciətlər olub. Bir nəfər var idi, əməliyyatdan sonra tam görmə qabiliyyətini itirmiş və I qrup əlil olmuşdu. Hansı ki, həkim ona söz vermişdi ki, hər şey əla olacaq. Vətəndaşın məhkəməyə müraciəti ilə bağlı heç bir nəticə əldə olunmadı”.
Hüquqşünasın sözlərinə görə həkim səhvi ilə bağlı məsələlərdə hər dəfə ədalətli araşdırma aparılmır:
“Bu, çox ciddi problemdir. Səhiyyə qurumları öz həkimlərini bir növ sığortalayırlar. Bilirik ki, şikayətləri araşdırılması üçün hüquq mühafizə orqanlarına, onlar isə sənədləri ekspertizaya göndərirlər. Ekspertizanı isə Səhiyyə Nazirliyinin tərkibində olan müvafiq qurum keçirir. Yəni, burada maraqların toqquşması var. Bu baxımdan ölkədə alternativ, müstəqil ekspertiza idarələri yaranmalıdır.
Təəssüf ki, bu sahə bizdə inkişaf etmədiyi üçün o şikayətlərin heç bir nəticəsi olmur.
Ona görə də ölkədə Səhiyyə Nazirliyindən asılı olmayan, ondan lisenziya almayan özəl ekspertiza qurumları yaradılmalıdır. Əgər lisenziyanı nazirlik verəcəksə, yenə asılılıq yaranır. Nə qədər ki müstəqil ekspertiza qurumları olmayacaq, o qədər də həkim səhvləri və səhlənkarlığı ilə bağlı ədalətli qərar gözləmək olmaz.
Reallıq odur ki, həkim bütün əməliyyatlarda nəzərdə tutulmadığı halda xəstədən iltizamnamə alırsa, hüquqi baxımdan heç kim ona irad tuta bilməz. Amma xəstənin səhhətindəki problemləri dərindən öyrənməyə meyilli deyillər. Hesab edirəm ki, bu məsələni tibbə cavabdeh olan qurumlar qaydaya salmalıdır. Həkimlərin iltizamnamə alması pasiyentdə də həyəcan yaradır”.