Konqresdə Ukraynaya yeni yardım paketinin təsdiq edilməməsi səbəbindən ABŞ-ın imkanları hər həftə azalır.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Bu, bizim Ukraynaya lazım olan hər şeyi vermək səylərimizə təsir edir. Bu təsir zamanla artacaq”, – ABŞ rəsmisi bildirib.
Onun sözlərinə görə, Konqres Prezident Co Baydenin Ukrayna və İsrailə yardımı ehtiva edən tələbini ən qısa zamanda təsdiq etməlidir, çünki bu, birbaşa ABŞ-ın milli maraqlarına toxunur.
Bayden administrasiyası Konqresə İsrail, Ukrayna, Hind-Sakit okean regionu və sərhədlərin möhkəmləndirilməsi üçün maliyyə tələbi göndərib. Hökumət bu təşəbbüsə dəstək təmin etmək üçün Konqresinin hər iki palatasında respublikaçılar və demokratlarla fəal işləyir.
“İsrail, Ukrayna, Hind-Sakit okean regionu və sərhədlər üçün sabit maliyyə təmin edə bilməsək, Birləşmiş Ştatların milli maraqlarına ciddi ziyan dəyəcək”, – Sallivan vurğulayıb. (Teleqraf)